AZ

“Beyləqan”, “Ağcabədi” ətini necə müəyyən etmək olar? - QAYDALAR

Bir çox qəsablar əslində fərqli bölgələrdən gətirilən ətləri Beyləqan və ya Ağcəbədi əti adı altında satışa çıxarırlar. Bu isə istehlakçılar arasında qarışıqlıq yaradır və ətin keyfiyyət fərqini ayırd etməyi çətinləşdirir.

Nəzərə alsaq ki, ölkənin müxtəlif rayonlarında heyvandarlıq fərqli şəkildə inkişaf edir, bazarda satılan yerli ətlərin hamısının Beyləqan və ya Ağcəbədi adı ilə təqdim edilməsi suallar doğurur.

Day.Az xəbər verir ki, qəsablar isə bildirirlər ki, bu daha çox satış strategiyası və alıcılarda məhsulun keyfiyyəti barədə müsbət təsəvvür yaratmaq məqsədi daşıyır. Onların sözlərinə görə, Beyləqan, Füzuli və Ağcabədi zonalarında yetişdirilən heyvanların əti uzun illərdir dadı və keyfiyyəti ilə tanınır. Buna görə də alıcılar çox vaxt məhz həmin rayonların adını eşitmək istəyirlər.

Satıcıların sözlərinə görə, bu bölgələrdə heyvanlar daha çox təbii otlarla - yonca, arpa və digər yemlərlə qidalandığı üçün ətin dadı daha yaxşı olur. Elə buna görə də bazarda bu adlarla satılan ətlərə tələbat yüksəkdir.

Lakin bəzi hallarda qəsabların başqa rayonlardan gətirilən ətləri də həmin məşhur rayonların adı ilə satdıqları istisna edilmir. Onların sözlərinə görə, bunu yalnız ət sahəsindən yaxşı başı çıxan mütəxəssislər ayırd edə bilər.

Qida mütəxəssisi Ağa Salamov bildirir ki, Ağcabədi və Beyləqan rayonlarında fermerlər uzun illərdir iri və xırda buynuzlu heyvandarlıqla məşğul olduqları üçün bu sahədə artıq müəyyən təcrübə formalaşıb. Bu bölgələrdə geniş otlaq və qışlaq sahələrinin olması da heyvandarlıq üçün əlverişli şərait yaradır.

Mütəxəssisin sözlərinə görə, heyvanların təbii otlarla qidalanması ətin yağ strukturuna və dadına müsbət təsir edir. Otlaqda sərbəst hərəkət edən heyvanların əzələ strukturu daha balanslı formalaşır ki, bu da ətin teksturasını və keyfiyyətini yaxşılaşdırır.

Ağa Salamov əlavə edir ki, bəzən bəzi satıcılar öz ətlərinin daha keyfiyyətli olduğunu göstərmək üçün onları Beyləqan və ya Ağcabədi əti kimi təqdim edirlər.

Mütəxəssis keyfiyyətli əti ayırd etmək üçün əsasən rəng, qoxu və elastiklik kimi göstəricilərə diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, yaxşı ət açıq və təbii rəngdə olmalı, xoş qoxuya malik olmalı və barmaqla basdıqda əvvəlki formasını tez bərpa etməlidir.

Elcan Turan
Day.Az

Seçilən
91
day.az

1Mənbələr