AZ

Norveç kral sarayı Epşteyn işi ilə bağlı susur

Stokholm, 10 mart, AZƏRTAC

Yüzlərlə elektron cihazın istismar müddətinin uzadılması ilə məşğul olan “Elcare Nordic” şirkətində keçirilən görüşdə Norveçin vəliəhdi Hokon vəliəhd şahzadə Mette-Marit ilə maliyyəçi Ceffri Epşteyn arasındakı əlaqələr barədə sualları şərh etməkdən imtina edib. Kral sarayı artıq beş həftədən çoxdur ki, bu işlə bağlı suallara ətraflı cavab vermir. Saray, həmçinin vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Hoybiyə qarşı Oslo dairə məhkəməsində keçirilən məhkəmə prosesini də şərh etməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, Mette-Maritin C.Epşteynlə əlaqələri yanvarın 30-da sənədlər dərc olunandan sonra məlum olub. Həmin gün şahzadə üzr istəyib və daha ətraflı izahat verəcəyinə söz verib, lakin belə bir açıqlama hələ gəlməyib. Onun yaxın günlər üçün rəsmi proqramında da planlaşdırılmış tədbirlər yoxdur.

“TV 2” telekanalının sifarişi ilə “Verian” şirkətinin 984 respondent arasında keçirdiyi yeni sorğunun nəticələrinə görə, respondentlərin təxminən üçdə ikisi onun hərəkətlərini neqativ qiymətləndirir. Cəmi 20,2 faiz hesab edir ki, o, vəziyyətin öhdəsindən “yaxşı” gəlib.

Sorğu, həmçinin göstərib ki, norveçlilərin 63,3 faizi son illərdə ölkədə monarxiyanın mövqelərinin zəiflədiyini düşünür, yalnız 3,4 faiz isə onun mövqelərinin möhkəmləndiyini hesab edir.

 

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Seçilən
6
2
azertag.az

3Mənbələr