BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ABŞ və İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatdan təsirləndiyini iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamasında bildirib.
ABŞ liderinin sözlərinə görə, bu məsələ Putinlə telefon danışığı zamanı müzakirə olunub.
“Biz bu barədə prezident Putinlə danışdıq. O, gördüklərindən çox təsirlənmişdi, çünki buna bənzər bir şeyi əvvəllər heç kim görməmişdi”, - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, Rusiya prezidenti Yaxın Şərqdəki vəziyyətin həllinə də kömək etmək niyyətindədir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Putin telefon danışığı zamanı Trampa İran ətrafında yaranmış münaqişənin başa çatdırılması ilə bağlı bir sıra fikirlərini çatdırıb.
Qeyd edək ki, martın 9-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub və söhbət təxminən bir saat davam edib.