AZ

Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsi BMT-də nümunə göstərilib

Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyasında (CSW70) Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsi təqdim edilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova danışıb.

Komitə sədri bildirib ki, ölkəmizdə gender bərabərliyi Konstitusiya səviyyəsində təsbit olunub və milli qanunvericilik çərçivəsində ardıcıl şəkildə təmin edilir. Belə ki, hüquqi müdafiə mexanizmlərinə çıxış genişləndirilib, məhkəmə və hüquq-mühafizə sistemində genderə həssas yanaşma gücləndirilib.

Eyni zamanda son illər reallaşdırılan hərtərəfli islahatlar nəticəsində dövlət hesabına hüquqi yardım xidmətlərinin əlçatanlığı artırılıb.

Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı, erkən və məcburi nikah halları ilə mübarizə prioritet sahədir, cəza tədbirləri sərtləşdirilib və zərərçəkmişlərin müdafiəsi gücləndirilib. Bundan başqa Ali Məhkəmənin müvafiq qərarları isə cinsi ayrı-seçkiliyin aradan qaldırılmasına mühüm töhfələr verir:

"2026–2028-ci illər üzrə yeni Gender Fəaliyyət Planı struktur maneələrin aradan qaldırılması, institusional potensialın gücləndirilməsi, qərarvermədə qadınların iştirakının artırılması, genderə həssas büdcələşmə və məlumat əsaslı siyasətin inkişafını nəzərdə tutur".

B. Muradova həmçinin Azərbaycanın beynəlxalq səviyyədə gender gündəliyinə verdiyi töhfələri vurğulayıb:

"Azərbaycan beynəlxalq səviyyədə də gender gündəliyinə fəal töhfə verir. 2024-cü ildə ölkəmizdə keçirilən COP29 çərçivəsində ilk dəfə "Gender Günü" təşkil olunmuş və yenilənmiş Lima İş Proqramı qəbul edilib. 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk Qadınlar Forumu keçirilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) çərçivəsində Qadınlar Şurası yaradılıb".

Azərbaycan rəsmisi qadınların sülh quruculuğunda və icma səviyyəsində qərarvermədə iştirakının davamlı sülhün əsas şərti olduğunu, post-münaqişə dövründə həyata keçirilən bərpa proseslərində genderə həssas yanaşmanın uzunmüddətli sabitliyi təmin etdiyini bildirib:

"Biz hesab edirik ki, qadınların sülh quruculuğunda və icma səviyyəsində qərarvermədə fəal iştirakı davamlı sülhün əsas şərtidir. Post-münaqişə dövrü hərtərəfli bərpa proseslərində müsbət təcrübəmizə əsasən genderə həssas yanaşmanın uzunmüddətli sabitliyin təminatı olduğuna əminik. Milli səviyyədə həyata keçirdiyimiz tədbirlər Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə gender bərabərliyi və güclü institutlarla bağlı hədəflərlə tam uzlaşır".

Sonda sədr vurğulayıb ki, Azərbaycanın milli təcrübəsi və uğurlu layihələri beynəlxalq mübadiləyə töhfə verir: "Biz bu sahədə iki və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk. Çünki, qəti şəkildə əminik ki, ədalətə çıxış sahəsində uğurlu təcrübələrin mübadiləsi dünyanın hər yerində insan ləyaqətinin qorunması və bərabər imkanların təmin edilməsinə xidmət edir".

Seçilən
96
far.az

1Mənbələr