AZ

İran müharibəni ən azı noyabra qədər davam etdirə bilər - Rufiz Hafizoğlu

BAKI, TurkicWorld

SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır:

"Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".

Rufiz Hafizoğlu qeyd edib ki, buna görə də müharibənin noyabra qədər davam etmə ehtimalı olduqca yüksəkdir və əməliyyatların istənilən effekti verməməsi bu ehtimalı artır.

"Baş verən hadisələrin fonunda ABŞ dəfələrlə İraqda və İranda olan kürdləri rejimə qarşı birləşməyə və silahlı müqavimət göstərməyə çağırıb, hətta hər cür silah dəstəyi vəd olunub. Bu isə fərqli bir vəziyyət yaradır və ölkədə ABŞ və İsrail tərəfindən təşviq olunan vətəndaş müharibəsinə gətirib çıxara bilər", - deyə o qeyd edib.

R.Hafizoğlu vurğulayıb ki, vətəndaş müharibəsi vəziyyətində ən çox zərər çəkənlər İran türkləri, yəni Azərbaycan soydaşlarımız ola bilər.

"Digər tərəfdən, İran rejimi acı bir həqiqətlə üz-üzədir ki, bu həqiqəti məhz öz siyasəti və idarəçilik səhvləri gətirib çıxarıb. Dolayısıyla, müharibənin uzanma ehtimalı mövcuddur", - deyə o bildirib.

Sonda ekspert qeyd edib ki, Azərbaycan heç bir halda müharibədən tərəf deyil:

"Açıq şəkildə vurğulanır ki, bölgədə sülh və stabilliyin qorunması Azərbaycanın maraqlarına xidmət edir və ölkə bunu hər zaman bəyan edib".

Nigar Yahyazadə

Seçilən
33
turkic.world

1Mənbələr