AZ

Millət vəkili Azay Quliyev: “Hamı düşünür ki, o bunu necə edəcək və ya ümumiyyətlə, edə biləcəkmi?”

İranın siyasi səhnəsində yeni bir dövr başlayır. Müctəba Xameneinin Ali Dini Lider seçilməsi ölkə daxilində və regionda diqqətlə izlənir. Bu dəyişiklik yalnız liderin təyinatı deyil, həm də ölkənin gələcək siyasətinin necə formalaşacağını göstərir. Hər kəsə maraqlıdır, yeni lider hansı addımları atacaq və regionda hansı təsirləri yaradacaq? Bu sualların cavabı yalnız zamanla görünəcək, amma indidən bir şey aydındır – İran və qonşuları yeni bir dönəmə qədəm qoyub.
Moderator.az mövcud mürəkkəb regional və daxili siyasi vəziyyəti nəzərə alaraq, bu yeni dövrün ölkəmizə və regiona təsirlərini peşəkar baxış bucağı ilə dəyərləndirmək üçün millət vəkili Azay Quliyevlə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

-Azay müəllim, fikrinizcə İranda Ali Dini Lider postuna Müctəba Xameneinin seçilməsi ölkənin daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?

-İranın yeni Ali Dini Lideri ilk növbədə ölkəsi üçün ölüm-dirim məsələsini həll etməlidir. Hamı düşünür ki, o bunu necə edəcək və ya ümumiyyətlə, edə biləcəkmi? ABŞ və İsrailin onun da atası kimi hədəf almasının qarşısını necə alacaq? Hansısa  mərhələdə və hansı şərtlərlə ABŞ-la uzalaşmaq və ya anlaşmaq mümkün olacaqmı? Əvvəlki hadisələrdən hansı dərslər çıxarılacaq və yeni siyasət necə formalaşacaq? 
Göründüyü kimi, cavabdan çox sual var. Bu suallarla bağlı müxtəlif fərziyyə və ya ehtimallar irəlü sürmək olar, lakin bunları etmək isitəməzdim. Bununla yanaşı, düşünürəm ki, Müctəba Xamenei üç məsələ də qəti mövqe tutacaq. 


*İranda hakimiyyətin monolitliyini təmin etmək və mərkəzdən qaçma meyllərinin qarşsını almaq


*Xarici  müdaxilədən qorxmadığını, ABŞ və İsrailin tələblərini boyun əymədiyini və onlara təslim olmadığını, əvvəlki kursun davam edəcəyini qəti şəkildə bəyan etməklə İran xalqının, o cümlədən siyasi və hərbi elitanın rəğbətini qazanmaq.

 
*Ölkə daxilindəki sosial-iqtisadi narazılığı azaltmaq və bu narazılığın siyasi müsətəviyə keçməsinə və hakimiyyətin mövcudluğuna təhlükə yaratmasına imkan verməmək
Mövcud regional gərginlik və hərbi-siyasi vəziyyət fonunda belə bir mövqe onun üçün daxili siyasi legitimliyin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Əks halda, onun ABŞ və İsrail qarşısında geri çəkildiyi barədə rəy formalaşa və bu da daxildə ona olan inamın sarsılmasına səbəb ola bilər.
Eyni zamanda yeni ali dini rəhbər onu da yaxşı anlayır ki, İran hazırda əvvəlki illərlə müqayisədə daha mürəkkəb hərbi və iqtisadi böhran içindədir  və bu vəziyyət hər keçən gün daha da pisləşir. ABŞ–İsrail alyansının iqtisadi potensialı və hərbi gücü ilə müqayisədə İranın imkanları son dərəcə məhduddu və bu reallıq da istər-istəməz nəzərə alınmalıdır. Ona görə də o vəziyyətdən çıxış yolu tapmalı, ölkəsinin “sifətini”qorumaqla ən ağrılı qərarları qəbul etməyə hazır olmalıdır.

-Sizcə yeni liderin İran–Azərbaycan münasibətlərinə yanaşmasının istiqaməti necə formalaşa bilər — qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan konstruktiv siyasət, yoxsa regionda gərginliyi artıran daha sərt xətt?

-Bu, hazırda hamımız üçün aktual olan sualdır. Çünki son günlər İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumundan sonra yaranmış gərginlik və bu hadisəyə Azərbaycan dövlətinin sərt və qətiyyətli reaksiyası hamıya məlumdur. Görünən odur ki, Prezident  Ilham Əliyevin  martın 5-də Təhlükəsizlik Şurasının iclasında nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe, irəli sürdüyü tələblər İranda eşidilib. 
Bu hadisədən sonra  dünyanın 60-dan çox ölkəsindən, o cümlədən Fransa və Ermənistan kimi dövlətlərdən, həmçinin 10-a yaxın  beynəlxalq təşkilatdan Azərbaycana dəstək və həmrəylik mesajlarının gəlməsini də ayrıca qeyd etmək istərdim. Bu indiyə kimi görünməmiş həmrəylik nümunəsi idi.  Biz bir daha Azərbaycanın beynəlxalq arenada malik olduğu yüksək nüfuzunun və güclü mövqeyinin şahidi olduq. Bütün bunların fonunda İranın prezidenti Məsud  Pezeşkiyan martın 7-də qonşu ölkələrə (Azərbaycana) qarşı həyata keçirilmiş hücumla bağlı üzrxahlıq ifadə etdi. Martın 8-də isə o, şəxsən Prezident İlham Əliyevə telefonla zəng edərək hadisə ilə bağlı ətraflı izahat verdi və dron hücumunun hərtərəfli araşdırılacağını bildirdi. Hesab edirəm ki, İran prezidentinin bu addımı mövcud şəraitdə ən düzgün qərar idi. Çünki gərginliyin daha da artması heç bir tərəfin maraqlarına uyğun deyil. Ehtimal etmək olar ki, iki ölkə liderləri arasında münasibətlərin daha çox zədələnməsinin qarşısını almaq məqsədilə digər məsələlər də müzakirə olunub və Azərbaycan tərəfini qane edən və razı salan mövqe ifadə edilib. Bunun nəticəsi olaraq Azərbaycan artıq İrana tətbiq etdiyi tranzit və yükdaşımalarla bağlı məhdudiyyətləri aradan qaldırıb.  Əlbəttə, bu qərarın milli maraqlarımıza uyğun olaraq qəbul edilməsini alqışlamaq lazımdır.
Yeni Ali Dini Lider seçilmiş Müctəba Xameneinin Azərbaycana yönəlik siyasətinə gəldikdə isə demək olar ki, Prezident Pezeşkiyanın Prezident İlham Əliyevə etdiyi telefon zəngi şübhəsiz ki, onun razılığı ilə baş tutub. Hamımıza məlumdur ki, İran prezidentinin bu kimi məsələlərdə təkbaşına qərar verməsi mümkün deyil. Görünür, yeni dini lider həm müharibədən əvvəl, həm də müharibə dövründə Azərbaycanın öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyini açıq şəkildə bəyan etməsini, ABŞ/İsrail–İran münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləməsini, həmçinin atası Əli Xameneinin öldürülməsindən sonra Prezident İlham Əliyevin dünyada yeganə dövlət başçısı olaraq İranın Bakıdakı səfirliyinə gedərək İran xalqına şəxsən başsağlığı verməsini və bütövlükdə, Azərbaycanın İrana yönəlik dürüst  və dost siyasət aparmasını düzgün qiymətləndirib. Bu gün isə cənab Prezidentin Müctəba Xameneinin İranın Ali Dini Lideri seçilməsi münasibətilə təbrik etməsi isə münasibətlərin müsbət dinamikasından xəbər verir.
Ümid edirik ki,  Müctəba Xamenei bu amilləri nəzərə alaraq, Azərbaycanla qarşılıqlı hörmətə və marağa əsaslanan mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə və ən azı son iki ildə əldə olunmuş müsbət nailiyyətləri qoruyub saxlamağa çalışacaq.

Pərvin Şakirqızı

Seçilən
29
2
moderator.az

3Mənbələr