Livanın Hizbullah hərəkatının İsraildə yerləşən mühüm peyk və radar mərkəzinə raket zərbəsi endirdiyi iddia olunur. Məlumata görə, hücum yüksək dəqiqlikli raketlərlə həyata keçirilib və hədəf İsrailin peyk rabitəsi infrastrukturunun vacib elementlərindən biri olub.
KONKRET.az xəbər verir ki, yayılan məlumatlarda zərbənin Emek HaEla Teleport kimi tanınan peyk rabitə stansiyasına endirildiyi bildirilir. Bu obyekt beynəlxalq peyk rabitəsi ilə məşğul olan SES S.A. şirkətinə aid mühüm infrastruktur hesab olunur. Bildirilir ki, hücum nəticəsində ərazidə çoxsaylı peyk siqnal qəbuledicilərinin yerləşdiyi qurğular zərər görüb.
Məlumatlarda qeyd olunur ki, sözügedən stansiya İsrailin peyk rabitə sisteminin əsas mərkəzlərindən biridir və müxtəlif peyklərdən, o cümlədən hərbi kəşfiyyat məqsədli sistemlərdən alınan məlumatların toplanmasında istifadə olunur. Bu məlumatlar daha sonra fiber-optik şəbəkələr vasitəsilə ölkənin hərbi komandanlıq və idarəetmə mərkəzlərinə ötürülür.
İddialara görə, obyekt İsrailin peyk rabitə infrastrukturunun “əsas mərkəzi” hesab olunur və qərar qəbuletmə sistemlərinə informasiya ötürülməsində mühüm rol oynayır. Bildirilir ki, bu mərkəzlə əlaqəli bəzi texniki infrastrukturlar müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan və Macarıstan kimi dövlətlərdə də mövcuddur.
Bəzi mənbələr həmçinin qeyd edir ki, hücumdan əvvəl uzun müddət ərzində obyekt barədə kəşfiyyat məlumatları toplanıb, foto və video materiallar əldə edilib və zərbə dəqiq koordinatlar əsasında planlaşdırılıb. Məlumatlarda bildirilir ki, hücum İsrailin rabitə sistemlərinə ciddi zərbə vurub və yaxın saatlarda bu sahədə genişmiqyaslı texniki problemlərin yarana biləcəyi ehtimal olunur.
Natiq Səlim,
KONKRET.az