
“Türkiyə ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir.
Nazirliyin açıqlamasında bu cür hərbi əməllərin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığı və qəbuledilməz olduğu vurğulanıb. Bəyanatda Azərbaycanın hər zaman olduğu kimi, qardaş ölkənin yanında olduğu qeyd edilib:
“Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”.
Xatırladaq ki, İrandan atılan ballistik raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən Türkiyə sərhədlərində zərərsizləşdirilib və onun qalıqları Qaziantep ərazisinə düşüb.