AZ

Rus təbliğatı aparan müəllimlər diplomsuz qala bilər Bu ölkədə

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Moldovanın təhsil naziri Dan Perçun rus təbliğatı aparmaqda şübhəli bilinən müəllimlərin diplomlarının ləğv edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Ölkə.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazir bildirib ki, ölkədə tədrisin rus dilində aparıldığı xeyli sayda təhsil müəssisəsi var və onların bəziləri mədəni baxımdan Rusiya institutları ilə müəyyən əlaqələrə malikdir.

“Uzun illər ərzində həmin qurumlar Rusiya Federasiyasının dünyagörüşünü təsdiqləməyə çalışıblar. Müharibə kontekstində isə biz əlavə mexanizmlər hazırladıq ki, xüsusilə müəllimlərin müxtəlif tədbirlərdə və təlimlərdə, o cümlədən Rusiyada keçirilən proqramlarda iştirakını məhdudlaşdıraq və qarşısını alaq. Beləliklə, rus təbliğatı ilə bağlı təsiri minimuma endirdik. Bu məsələdə çox qəti mövqe tutduq. Hətta müəllimlik dərəcələrinin ləğv olunmasından və digər alətlərdən istifadəni də müzakirə etdik”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər ilk növbədə rusdilli məktəblərdə çalışan müəllimlərə yönələcək.

Nazirin açıqlamasını özünün Telegram kanalında Rusiyalı Həmyerlilərin Koordinasiya Şurasının rəhbəri Aleksey Petroviç də paylaşaraq şərh verib.

O bildirib ki, Perçun “rus təbliğatı” anlayışına konkret nələrin daxil olduğunu açıqlamayıb və istehzalı şəkildə belə yazıb:

“Bəlkə kimyada bu, Dmitri Mendeleyevin elementlər sistemi olacaq; riyaziyyatda Nikolay Lobaçevskinin nailiyyətləri; biologiyada Ivan Pavlovun məşhur iti, coğrafiyada isə Nikolay Prjevalskinin atı. Ən çətin vəziyyət isə tarix və rus ədəbiyyatı müəllimləri üçün olacaq”.

Petroviç əlavə edib ki, bu məntiqə görə, həmin müəllimlər Aleksandr Puşkinin “Poltava” poeması, Lev Tolstoyun “Hərb və sülh” romanı və Mikhail Şoloxovun “Onlar Vətən uğrunda döyüşürdülər” əsərinə görə də məsuliyyətə cəlb oluna bilərlər.

Qeyd edək ki, 2022-ci ildə Moldovanın prezidenti Maya Sandu parlamentin qəbul etdiyi və Rusiyadan yayımlanan xəbər proqramlarının qadağan olunmasını nəzərdə tutan qanunu imzalayıb.

Həmin qanuna əsasən, Rusiya xəbərlərinin, informasiya-analitik proqramlarının və hərbi mövzulu filmlərin yayımı qadağan edilir. Bununla yanaşı, hərbi məzmunu olmayan əyləncə proqramlarının yayımlanmasına icazə verilir. Qanunda dezinformasiyaya görə sərt cəzalar da nəzərdə tutulub.

Rusiyanın Moldovadakı səfirliyi isə bu qərarı qeyri-obyektiv və siyasiləşmiş addım kimi qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
olke.az

3Mənbələr