Türkiyənin tanınmış məşqçilərindən olan həm vətənində, həm də xaricdə bir çox yerlərdə çalışan Əngin Fıratdan üzücü xəbər gəlib.
55 yaşlı mütəxəssis son olaraq Livan təmsilçisi ''Necmeh''i çalışdırırdı. Dünən Livandan Türkiyəyə dönən Fıratın İstanbul hava limanında qəfildən halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, məşqçi ürəktutmasından dünyasını dəyişib. O, martın 10-da Antalyada dəfn ediləcək.
Həm Türkiyə, həm də Almaniya vətəndaşlığı olan Əngin Fıratın məşqçi karyerası hələ 1997-ci ildə başlayıb. ''Samsunspor'', ''Antalyaspor'' və ''Ayntraxt''da köməkçi kimi çalışdıqdan sonra o, 2002-ci ildə ''Fənərbaxça''da almaniyalı Verner Lorantın əsas köməkçisi vəzifəsini icra edib. Həmin il ''Fənər''in ''Qalatasaray''ı 6:0 darmadağın etdiyi tarixi qarşılaşmada Fırat da ehtiyat zonada yer almışdı. O, növbəti mövsüm Almaniyanın aşağı liqa təmsilçisi ''Alen''də də Lorantın köməkçisi olmuşdu.
Sonrakı illərdə Cənubi Koreya təmsilçisi ''İnçeon Yunayted'' və ''Sivasspor''da baş məşqçi kimi çalışıb. Uzun illər İranda - ''Saypa'', ''Sepahan'', ''Qostareş''də də çalışıb. Eləcə də İran yığmasında köməkçi kimi işləyib. 2015-19-cu illərdə ''Karabükspor'', ''Dallas Siti'' və ''Vlajniya''da İdman direktoru işləyib.
2019-dan yenidən məşqçilik fəaliyyətini bərpa edərək Moldova yığmasının başına keçib. 2021-24-cü illərdə Keniya yığmasını çalışdırıb. Təxminən bir ay öncə isə o, Livanın ən böyük klublarından olan ''Necmeh'' ilə müqavilə imzalamışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta