Müctəba Xameneinin İranın yeni ali dini lideri seçilməsi regionun siyasi gündəmində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Ekspertlər Şurası (Məclisi Xübrəqan) tərəfindən qəbul edilən qərarla o, ölkənin ali dini lideri postuna gətirilib. Məclisin üzvlərindən olan ayətullah Eşkevarinin açıqlamasına görə, qərar şurada böyük səs çoxluğu ilə qəbul olunub və “soyad dəyişməyib, yeni liderimiz də Xameneidir”.
Məlumata görə, bu qərar bir müddət rəsmi elan olunmadan saxlanılıb. Bunun əsas səbəbi təhlükəsizlik amilləri və regionda gərgin hərbi-siyasi vəziyyət olub. Son dövrlərdə İran ətrafında yaranan münaqişə fonu, həmçinin İsrailin gələcək liderliyə qarşı mümkün zərbələr barədə bəyanatları bu prosesin gizli saxlanılmasına səbəb kimi göstərilir.
1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei dini təhsilini əsasən Qum şəhərində alıb. Onun adı uzun illərdir İran hakimiyyətinin ən təsirli fiqurlarından biri kimi çəkilir. Xüsusilə 2000-ci illərdən sonra atasının siyasi çevrəsində daha fəal rol oynadığı bildirilir. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən etirazların yatırılması dövründə təhlükəsizlik strukturlarının koordinasiyasında rol oynadığı barədə iddialar da səsləndirilmişdi.
Bir çox müşahidəçilər qeyd edir ki, Müctəba Xameneinin əsas dayağı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab olunur. Bu səbəbdən onun hakimiyyətə gəlişi İran siyasi sistemində təhlükəsizlik strukturlarının rolunun daha da artacağı ilə bağlı ehtimalları gücləndirir. Analitiklər hesab edir ki, yeni lider dövründə ölkədə siyasi kurs daha mərkəzləşdirilmiş və sərt təhlükəsizlik yanaşmasına əsaslanan model üzrə davam edə bilər.
Məsələni NOCOMMENT.az-a şərh edən araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu isə hesab edir ki, Müctəba Xameneinin seçilməsi İran siyasi sistemində həm davamlılıq, həm də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu qərar İranın daxili hakimiyyət balansını qorumaq məqsədi daşıyır:
“Klassik baxımdan ali dini liderin seçilməsi dini legitimliklə bağlıdır. Lakin İranın siyasi sistemi uzun müddətdir ki, dini və təhlükəsizlik institutlarının sintezindən ibarətdir. Müctəba Xameneinin seçilməsi göstərir ki, hakimiyyət elitası sabitliyi qorumaq üçün artıq tanınmış və sistem daxilində təsirli olan fiqura üstünlük verib.”
Rövşənoğlu qeyd edir ki, yeni liderin hakimiyyətə gəlməsi Azərbaycan–İran münasibətlərinə də müəyyən təsir göstərə bilər. Onun fikrincə, bu münasibətlərin gələcək kursu əsasən regiondakı təhlükəsizlik vəziyyətindən və Tehranın xarici siyasət prioritetlərindən asılı olacaq:
“İran üçün Azərbaycan həm geosiyasi, həm də enerji və nəqliyyat layihələri baxımından vacib qonşudur. Müctəba Xameneinin hakimiyyəti dövründə münasibətlərdə müəyyən taktiki dəyişikliklər mümkündür, lakin strateji baxımdan Tehran regionda gərginliyin tam eskalasiyasına getmək istəməyə bilər”.
Onun sözlərinə görə, yeni liderin dövründə ABŞ və İsrail ilə münasibətlər də mühüm sınaq mərhələsindən keçəcək:
“Analitik hesab edir ki, İranın təhlükəsizlik strukturlarının təsiri artarsa, regionda qarşıdurma ritorikası güclənə bilər.
Klassik diplomatik xəttdən fərqli olaraq, SEPAH-ın təsirinin artması İranın regional siyasətində daha sərt mövqe ilə müşayiət oluna bilər. Bu isə ABŞ və İsraillə münasibətlərdə gərginliyin uzun müddət davam edəcəyi ehtimalını artırır. Digər tərəfdən, Müctəba Xameneinin ali dini lider seçilməsi İranın siyasi modelində varislik məsələsini də yenidən gündəmə gətirib. Formal olaraq ali lider seçki yolu ilə müəyyənləşdirilsə də, atadan oğula keçid görüntüsü ölkənin siyasi sistemi və legitimlik mexanizmi ilə bağlı müzakirələri gücləndirib. Müctəba Xameneinin ali dini lider postuna yüksəlməsi təkcə hakimiyyət daxilində kadr dəyişikliyi kimi deyil, həm də İranın gələcək siyasi kursu, regional strategiyası və beynəlxalq münasibətlərdə tutacağı mövqe baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Yeni mərhələdə Tehranın həm region ölkələri, həm də Qərblə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi isə yaxın dövrün əsas siyasi suallarından biri olaraq qalır”.
Tunar
NOCOMMENT.az