İranda Əli Xameneinin ölümündən sonra Ekspertlər Məclisi onun oğlu Müctəba Xameneini ölkənin dini lideri elan etdi.
Bəs Xamenei haqqında nə məlumdur? Publika.az Müctəba Xamenei ilə bağlı bir sıra faktları təqdim edir:
Müctəba Hüseyn Xamenei, öldürülmüş keçmiş dini lider Əli Xameneinin altı övladından biridir. O, ailənin ikinci övladıdır. 17 sentyabr 1969-cu ildə Məşhəd şəhərində anadan olub.
Müctəba Xamenei orta məktəb təhsilini dini mənsubiyyəti ilə tanınan bir məktəbdə alıb. İranın yerli mediasının məlumatına görə, 17 yaşında İran-İraq müharibəsi zamanı bir neçə dəfə qısa müddətə cəbhə xəttinə gedib və bəzi əməliyyatlarda iştirak edib. 30 yaşında dini təhsilini davam etdirmək üçün 1999-cu ildə Quma gedib.
Diqqətəlayiq məqam odur ki, o, 30 yaşına qədər dini libas geyinməyib. Onun dini təhsil almaq üçün bu yaşda Quma getməsinin səbəbi də məlum deyil. İranda dini təhsil və mədrəsə təhsili adətən yeniyetməlik və ya gənclik dövründə başlayır.