Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəsmiləri Türkiyənin adaya döyüş təyyarələri göndərəcəyi barədə məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumatı ŞKTR-nin mülki aviasiya qurumunun rəsmiləri və Türkiyə rəsmi qaynaqları da təsdiqləyib.
Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəhbərliyində təmsil olunan rəsmilər bildiriblər ki, Türkiyə sabah səhər saatlarında Şimali Kipr Türk Respublikasına altı ədəd F-16 qırıcı təyyarəsi göndərəcək. Təyyarələrin adaya yerləşdirilməsi təhlükəsizlik tədbiri kimi izah olunur.
Açıqlamada qeyd olunub ki, bu qərar bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti fonunda qəbul edilib və adanın müdafiə imkanlarının gücləndirilməsi məqsədi daşıyır.
ŞKTR rəsmiləri xüsusi olaraq vurğulayıblar ki, F-16 qırıcılarının adaya yerləşdirilməsi mülki aviasiya fəaliyyətinə və gündəlik həyata heç bir təsir göstərməyəcək.
Mülki aviasiya idarəsinin nümayəndəsi Aşkın Meseli bildirib ki, qırıcıların yerləşdirilməsi müvəqqəti təhlükəsizlik tədbiridir və mülki uçuşlar normal qaydada davam edəcək.
Türkiyə mediası: qərar təhlükəsizlik planının bir hissəsidir
Türkiyə mediasında yayılan məlumatlarda qeyd olunur ki, Ankara son regional hadisələr fonunda (ABŞ-İsrail və İran savaşı) Şimali Kiprin təhlükəsizliyini gücləndirmək üçün mərhələli plan hazırlayıb.
Türkiyə Müdafiə Nazirliyinə yaxın mənbələr bildiriblər ki, F-16 qırıcılarının yerləşdirilməsi bu təhlükəsizlik planının bir hissəsi kimi nəzərdən keçirilir.
Məlumatlarda deyilir ki, Ankara Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etməyi öz strateji öhdəliklərindən biri hesab edir və bölgədəki inkişafları yaxından izləyir.
Şərqi Aralıq dənizi regionunda son günlər hərbi və təhlükəsizlik baxımından gərginlik artıb. Kipr adasında yerləşən Britaniyanın Akrotiri hərbi bazasına İrana məxsus pilotsuz uçuş aparatı ilə hücum edilməsi də bölgədə təhlükəsizlik narahatlıqlarını artırıb.
Bu hadisədən sonra bir sıra ölkələr adada və ətrafında hərbi mövcudluğunu artırıb.
Türkiyə də Şimali Kiprin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər görməyə başlayıb və F-16 qırıcılarının göndərilməsi bu tədbirlərdən biri kimi qiymətləndirilir.
Şimali Kipr Türk Respublikası 1983-cü ildə müstəqilliyini elan edib və hazırda onu rəsmi şəkildə tanıyan yeganə dövlət Türkiyədir.
Ankara uzun illərdir adada yerləşən türk icmasının təhlükəsizliyini təmin edən əsas aktor kimi çıxış edir və bölgədə hərbi mövcudluğunu saxlayır.
Ekspertlər hesab edir ki, Türkiyənin F-16 qırıcılarını adaya göndərməsi Şərqi Aralıq dənizi regionunda baş verən son hadisələr fonunda Ankaranın təhlükəsizlik və çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Musavat.com