"Nyukasl" İngiltərə Kubokunun 5-ci turu çərçivəsində öz meydanında "Mançester Siti"yə 1:3 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Mançester Siti"ni bu mövsüm klubun qarşılaşdığı ən güclü komanda adlandırıb. "Daily Mirror" nəşrinə danışan mütəxəssis rəqibin heyətdə rotasiyalar etməsinə baxmayaraq hələ də çox güclü olduğunu bildirib:
"Düşünürəm ki, onlar heyətdə dəyişikliklər etsələr də, hər kəs oyunçu seçiminin nə dərəcədə güclü olduğunu gördü. Rəqib belə əhval-ruhiyyədə olanda onlara müqavimət göstərmək bizim üçün çox çətindir. Bu gün onlar mükəmməl idilər, bizdə isə nəsə çatışmırdı".
E.Hau komandasının enerjisinin tükənməsini rəqibin oyun tərzi ilə əlaqələndirib:
"Sanki enerjimizi itirmişdik, lakin onlar topa bu cür mükəmməl nəzarət edərək rəqibi qaçmağa və təqib etməyə məcbur edərək məhz bunu edirlər. Nəticədə yorulursunuz və texniki səhvlərə yol verirsiniz. Onlar illərdir bunu edirlər. Buna görə də, mənim fikrimcə, qarşılaşdığımız ən yaxşı komanda idilər. Onlar tam formada idilər, bizim isə sadəcə gücümüz tükəndi".