AZ

Valideynlərin görmədiyi təhlükə Müasir dövrdə ekranlar uşaqların həyatına çox erkən daxil olur

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Bəzən valideynlər düşünür ki, uşaq sakitcə oturub cizgi filminə baxırsa, deməli hər şey qaydasındadır. Ev sakitdir, uşaq məşğuldur və böyüklər də öz işini görə bilir. Amma bəzən ən səssiz görünən məqamların arxasında ən ciddi problemlər gizlənə bilir.

Bu günlərdə aktrisa Ülviyyə Əliyevanin efirdə səsləndirdiyi sözlər bir çox valideyni düşündürdü. O, azyaşlı oğlu ilə bağlı yaşadığı qorxulu bir təcrübəni bölüşərək valideynlərə xəbərdarlıq edib. Aktrisanın sözlərinə görə, sağlam və aktiv olan övladı bir müddət ərzində eyni cizgi filminə mütəmadi baxdıqdan sonra davranışında qəribə dəyişikliklər yaranıb. Onun dediyinə görə, uşaq birdən-birə sanki “sönüb”, danışdığı sözləri unudub, əvvəl bildiyi bacarıqları göstərməyib və hətta göz kontaktı belə azalıb. Valideyn üçün bundan ağır bir hiss ola bilməz. Hər gün gördüyün uşağın birdən dəyişdiyini hiss etmək insanı sarsıdır.

Bir çox valideynin ən böyük qorxularından biri də, məhz belə hallarda ağlına gələn ehtimallardır. Aktrisa da etiraf edir ki, bir müddət autizm spektri ilə bağlı şübhələr belə yaranıb. O, övladını mütəxəssislərə defektoloq və loqopedə aparıb, vəziyyəti diqqətlə araşdırıb. Xoşbəxtlikdən nəticə qorxulu olmayıb. Uşağın ekran qarşısında həddindən artıq vaxt keçirməsi əsas səbəblərdən biri kimi qiymətləndirilib və cizgi filmləri məhdudlaşdırıldıqdan sonra hər şey tədricən qaydasına düşüb.

Bu hadisə əslində tək bir ailənin hekayəsi deyil. Müasir dövrdə ekranlar uşaqların həyatına çox erkən daxil olur. Telefon, planşet və televizor bəzən valideyn üçün “sakitləşdirici vasitə” rolunu oynayır. Amma mütəxəssislər uzun müddətdir xəbərdarlıq edir ki, xüsusilə kiçik yaşlı uşaqlar üçün uzunmüddətli ekran istifadəsi nitq inkişafına, diqqətə və sosial reaksiyalara təsir göstərə bilər.

Uşaq inkişafı mütəxəssisləri deyirlər ki, balaca uşağın ən böyük “cizgi filmi” əslində real həyatdır. Onun üçün ən faydalı məşğuliyyət valideynlə danışmaq, oyun oynamaq, kitab vərəqləmək, həyatı müşahidə etməkdir. Bəzən isə valideynlər ən vacib siqnalları gec görürlər. Uşaq əvvəl dediyi sözləri demirsə, göz kontaktı azalıbsa, reaksiyaları dəyişibsə, bu sadəcə “keçib gedəcək mərhələ” kimi qəbul edilməməlidir. Belə hallarda mütəxəssisə müraciət etmək ən doğru addımdır.

Ülviyyə Əliyevanın paylaşdığı təcrübə bir qorxu hekayəsi yox, daha çox xəbərdarlıqdır. Bəzən valideynin diqqəti bir uşağın həyatında çox böyük fərq yarada bilir. Çünki uşaqlar ekranın işığına yox, valideynin baxışına ehtiyac duyurlar.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
bizimyol.info

1Mənbələr