AZ

Realist olma: Gözləntilərinizi aşağı tutmağı öyrənin

Realizm dünyanı olduğu kimi görmək cəhdidir; hadisələri arzularımızın rənginə boyamadan, faktların soyuq işığı altında qiymətləndirmək bacarığıdır.

Bu yanaşma tərzi insanı xəyal qırıqlığının dağıdıcı təsirindən qoruyan ən güclü qalxan hesab olunur. Həyatın hər anında qarşılaşdığımız çətinliklərə emosional reaksiyalar vermək əvəzinə, mövcud vəziyyəti bütün çılpaqlığı ilə qəbul etmək, fərdə daha sağlam bir hərəkət planı cızmaq imkanı verir.

Realist bir baxış bucağına sahib olmaq, həm şəxsi, həm də peşəkar həyatda qərarların emosiyalar üzərində deyil, məntiq və mümkünlük daxilində qurulmasını təmin edir.

“Yeni Sabah” xəbər verir ki, realizmin ən böyük faydalarından biri resursların və enerjinin düzgün idarə olunmasıdır. İnsan öz imkanlarını və ətrafdakı şəraiti dürüst şəkildə analiz etdikdə, əlçatmaz xəyallar arxasınca qaçaraq vaxt itirmir.

Bu, daxili sarsıntıların qarşısını alır və fərdi daha dayanıqlı edir. Çünki realist şəxs uğursuzluq ehtimalını da masada saxladığı üçün, çətinliklərlə qarşılaşdıqda mənəvi tənəzzül yaşamaq yerünə, növbəti addımı necə atacağını düşünməyə başlayır. Bu soyuqqanlılıq, həm də insan münasibətlərində özünü büruzə verir; qarşı tərəfdən qeyri-adi və ya qeyri-mümkün gözləntilər daxilinə girməmək, münasibətləri daha şəffaf və gərginlikdən uzaq bir müstəviyə daşıyır.

Eyni zamanda, realist yanaşma strateji düşünmə qabiliyyətini itiləyir. Hadisələri təhlil edərkən "nə olmalıdır" sualından çox "nə baş verir" sualına fokuslanmaq, real imkanlar daxilində maksimum nəticəni əldə etməyə kömək edir. Bu, pessimist olmaq deyil, əksinə, ən çətin vəziyyətlərdə belə mövcud olanı ən yaxşı şəkildə dəyərləndirmək sənətidir.

Realist fərd hər hansı bir problemin həllində illüziyalara qapılmadığı üçün, onun tapdığı çıxış yolları daha qalıcı və tətbiqolunandır. Nəticə etibarilə, realizm insana dünyanı dəyişdirmək üçün lazım olan real gücün məhz həqiqəti qəbul etməkdən keçdiyini öyrədir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr