AZ

Argentinalı əfsanə İkardini bu klubda görmək istəyir

''Qalatasaray''ın qol silahı Mauro İkardinin gələcək taleyi müzakirə olunmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi argentinalı hücumçu ilə hələ də yeni müqavilə imzalamayıb. Halbuki onun müqavilə müddəti 3 aydan sonra başa çatır.

İtaliya və İspaniyadan müəyyən marağa baxmayaraq hələlik İkardi üçün ən çox can-fəşanlıq göstərən klub ''River Pleyt''di. Hətta təcrübəli futbolçunun meneceri Elio Pino şayiələrin artması fonunda həftənin əvvəlində rəsmi açıqlama verməli olmuşdu. O, ''River Pleyt''dən indiyə kimi heç kimlə görüşmədiyini bildirmişdi. Buna baxmayaraq Argentina mətbuatında israrla bu mövzuda yeni xəbərlər və iddialar dərc olunur.

Argentinalı jurnalist Qustavo Yarrox son açıqlamasında diqqətçəkən ifadələr işlədib:

''River Pleyt'' dünya səviyyəli çox mühüm bir futbolçuya ciddi maraq göstərir. ''River Pleyt'' rəsmi bir açıqlama verməsə də, klubda heç kim bu transferin baş tutmayacağını demir. Prezident Stefano Karlo bu xəbərləri təkzib etməyib. Bir təmasın olduğunu bilirəm''. Bu arada argentinalı əfsanə Oskar Rucceri də bu mövzuda açıqlama verib. ''Boka Xuniors'' və ''River Pleyt''dən başqa ''Real''da da top qovmuş 64 yaşlı futbol adamı bunları deyib: ''River Pleyt'' üçün indi ən sevdiyim ''9 nömrə'' İkardidi. Həm məhsuldarlığı yaxşıdı, həm də oyunu yüksək səviyyədədi. Onu ''River''də görməyi çox istərdim''.

Qeyd edək ki, ''Qalatasaray'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusunda olan 33 yaşlı futbolçu bu mövsüm 37 rəsmi oyuna 15 qol vurub.
Seçilən
132
1
football-plus.az

2Mənbələr