AZ

Macarıstan Ukrayna üçün niyə başağrısna çevrilib? FOTO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın 90 milyard avroluq krediti bloklamağa davam edəcəyi təqdirdə onun ünvanını Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə verəcəyini bildirib.

"Ümid edirik ki, Avropa İttifaqında bir nəfər 90 milyardı və ya 90 milyardlıq ilk tranşı bloklamayacaq və ukraynalı döyüşçülərin silahı olacaq. Əks halda, bu şəxsin ünvanını silahlı qüvvələrimizə verərik. Qoy ona zəng vurub öz dilində danışsınlar", - deyə Zelenski macarıstanlı naziri nəzərdə tutaraq vurğulayıb.

Orban isə öz növbəsində, bu sözləri öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. Qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür.

Xatırladaq ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukrayna üçün 2026-27-ci illər üçün 90 milyard avroluq kreditin verilməsi haqqında sazişi imzalayıb. Bu vəsait müharibə şəraitində ölkənin sabitliyini təmin etməlidir.

Lakin Macarıstan maliyyələşdirməni bloklayıb. Budapeşt ultimatum irəli sürüb: kredit yalnız Ukrayna "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etdikdən sonra təsdiqlənəcək.

Bəs Budapeşt Kiyev üçün niyə başağrısna çevrilib? Zelenskinin təhdidi reallığa nə qədər uyğundur?

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Macarıstan Avropa İttifaqı (Aİ) daxilində Rusiya əleyhinə və Ukrayna ilə bağlı bəzi qərarlara veto qoyması ilə seçilib. Bunun isə bir neçə əsas siyasi və iqtisadi səbəbi var.

Əvvəla, Macarıstan Avropada Rusiyanın enerji resurslarından ən çox asılı olan ölkələrdən biridir. Belə ki, neft və qazın böyük hissəsi Rusiyadan gəlir. Macarıstanın "Paks" AES-i Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən tikilən və təchiz edilən əsas nüvə obyektidir. Hazırda dörd sovet reaktoru ilə ölkənin enerjisinin 40%-ni istehsal edir. Bu səbəbdən Macarıstan Rusiyaya qarşı sərt sanksiyaların öz iqtisadiyyatına zərər verəcəyini düşünür və bəzən qərarları bloklayır. Bununla yanaşı, Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı sərt konfrontasiyaya qarşıdır, həm də Aİ-nin bəzi qərarlarını Macarıstanın suverenliyinə müdaxilə kimi təqdim edir.

Ziddiyyətlərin gərginliklə nəticələnməsinin əsas amillərindən biri də Budapeştin Kiyev ilə olan siyasi problemləridir. Belə ki, Ukraynanın Karpat vilayətində yaşayan macar azlığı ilə bağlı dil və təhsil qanunları mübahisə mövzusudur. Macarıstan iddia edir ki, Ukrayna macar azlığının hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən Budapeşt bəzən Ukrayna ilə bağlı Aİ qərarlarını gecikdirir və ya şərtlər irəli sürür. Karpat bölgəsi orta əsrlərdə Macarıstan krallığının tərkibində olub. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra yeni yaranan Çexoslovakiya Respublikasının tərkibinə daxil edilib. 1938-39-cu illərdə bölgə Macarıstanın nəzarətinə keçsə də, müharibədən sonra Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində vilayət statusunu alıb. 1991-ci ildən sonra isə müstəqil Ukrayna dövlətinin bir hissəsi olub. Yəni Macarıstanın veto qərarının əsas səbəbləri enerji asılılığı, Orban hökumətinin siyasi xətti ilə yanaşı, həm də Ukrayna ilə etnik azlıq məsələsidir.

Zelenskinin təhdidinə gəlincə, veto qərarı gərginliyin, əsasən, Aİ daxilində siyasi müzakirələrin artmasına, Macarıstana təzyiqin güclənməsinə və Ukrayna ilə münasibətlərin gərgin qalmasına səbəb ola bilər, amma Aİ daxilində kompromis tapılması da mümkündür, çünki bütün tərəflər açıq siyasi böhrandan qaçmağa çalışır. Yəni belə bəyanatlar birbaşa hərbi təhdid, hücumdan daha çox diplomatik və ya siyasi ritorika ilə yadda qala bilər. Çünki Ukraynanın birbaşa mədəd umduğu NATO və Aİ-nin üzv ölkəsinə hücum etməsi heç bir məntiqə və hərbi-siyasi reallığa sığmır. Çünki bu məqam birbaşa Kiyevin öz beynəlxalq mövqeyini ciddi riskə ata bilər. Sadəcə olaraq, Ukrayna üçün müharibə vəziyyəti çox kritikdir və gecikən istənilən yardım ölkəyə ciddi problem yaradır deyə emosional və sərt siyasi mesajlar da hər zaman meydandadır.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
oxu.az

1Mənbələr