ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycanın strateji xəttinə Ankarada qərar verilsin”
“İran deyir biz etməmişik, Azərbaycan niyə uzadır?”
“Azərbaycan İranla müharibə istəyir, bizi də qoşacaqlar”
“İran vurmayıb, hamısı oyundur”
“Azərbaycan özü Naxçıvanı vurub”
Azərbaycanı vuran İranın “Arash 2” dronları olsa da, bizi sarsıdan qardaş dediyimiz ölkənin 2 gündür sosial şəbəkə və mətbuatında əleyhimizə başladılan kampaniya, oxuduğumuz bu cümlələrdir. Halbuki İran Naxçıvandan əvvəl məhz Türkiyə ərazisinə raket hücumu etmiş, zərbəni NATO bazası zərərsizləşdirmişdi. Lakin nə oldu? Azərbaycan tərəfinin 4 PUA zərbəsinə, məktəblilərin həyatının təhlükə altına alınmasına sərt reaksiya verməsi Türkiyə KİV və sosial şəbəkələrində qınaq obyektinə çevrildi. Tam iki gündür strateji müttəfiq olan Bakının bəyanatı deyil, regionda Türkiyəni özünə rəqib görən, illərlə bir çox bölgədə Ankaranın qarşısında yer alan Tehranın “biz vurmamışıq” bəyanatı əsas tutulur. Ölkəmiz hədəf alınır.
Bəli, yenə o məşhur “Azərbaycan türk deyil”, “Azərbaycan qardaşımız deyil” sədaları səslənir. Şübhəsiz, bunun arxasında fərqli qüvvələr dayanır. Lakin Türkiyə ictimaiyyətinin İran mərkəzli belə bir propaqandaya asanlıqla inanması təəccüb doğurur.
Biz niyə İranın vurduğuna bu qədər əminik?
Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi şəxsən Prezidentin göstərişi ilə zərbənin haradan gəldiyini, dronun hansı ölkəyə məxsus olduğunu araşdırdı. Cavab aydındır: İran. Bu, bizim üçün təəccüblü deyildi. Çünki SEPAH özü hücumu boynuna aldı. İran 30 il müddətində qarşımızda dayanıb müsəlman türklərinə qarşı soyqırımı törədən, məsciddə donuz saxlayan Ermənistanın yanında yer aldı. 44 günlük müharibədə TIR-lar dolusu silah Qarabağ separatçılarına dəstək üçün danışdı, hamısının görüntüləri var. Onların qarşısını Güney Azərbaycan türkləri canları bahasına almasaydı, silah dəstəyi davam edəcəkdi. Müharibə bitdi, Zəngəzur dəhlizi məsələsi ortaya çıxdı, Ermənistanın özünün belə orta yolu tapmağa çalışıb razılıq verəcəyi bir zamanda İran qarşı çıxdı, İrəvana ard-arda səfərlər gerçəkləşdirib hökuməti bu fikirdən daşındırmağa çalışdılar. Hətta “qırmızı xətt” deyib bizi təhdid etdilər.
İran generallarının son 4 ildə Ermənistanla sərhəddəki ən gərgin dönəmlərdə Naxçıvan yaxınlığına səfər edib mövqelərimizə baxması, Bakıya təhdid mesajı ötürməsi az olub? Onlardan biri də İsmayıl Bəqayi idi ki, artıq həyatda yoxdur. İndi bunu edən SEPAH Naxçıvana dron atmayacaq?
Türkiyə niyə İrana inanır, öz qardaşına yox?
Hələ yaxın zamanda İranla ABŞ arasında danışıqların keçirilməsi üçün Türkiyə İstanbul platformasını təklif etdi. Tehran buna qarşı çıxdı və Vaşinqtonu danışıqların Omanda keçirilməsinə razı saldı? Məqsəd nə idi? Türkiyənin geosiyasi mövqeyinin güclənməməsi, nüfuzunun artmaması. Bizim kimi gərgin bir regionda yaşayan istənilən şəxs Tehranın niyyətini çox rahatlıqla anlayır. Amma Türkiyə xalqı anlamır, propaqandaya çox asan aldanır.
İndi qardaş, məzlum olan İrandır, günahkar olan Azərbaycan?
Prezident Naxçıvana hücumdan sonrakı sərt və emosional çıxışında belə Azərbaycanın İrana qarşı müharibəyə qoşulmayacağını, həmçinin ərazisindən bu məqsədlə istifadəyə icazə verilməyəcəyini bildirdi. Ölkənin bir nömrəli şəxsinin qəti bəyanatına rəğmən sanki biz hücuma hazırlaşırmışıq kimi yayılan əsassız məlumatlara inanmaq həvəsi haradandır?
Türkiyədə zəlzələ oldu, ilk və ən güclü dəstəyi Azərbaycan xalqı və hökuməti verdi, yanğın oldu, Azərbaycan köməyə qaçdı. Tarixə baxdıqda Azərbaycanın özünün ən zəif dönəmlərində belə Türkiyəyə qardaş dəstəyi göstərdiyini görə bilirik. Bütün bunları edərkən qardaş, türk idik, indi qeyri-türk, düşmən?
Azərbaycan lideri Türkiyənin olmadığı platformalarda onu hədəfə alanların cavabını vermiş, “Türkiyə burada yoxdur, mən varam” demiş biridir. Həmçinin xalq da hər zaman bu mövqedən çıxış edib. Qarabağ zəfərində göstərilən dəstəyə görə hər zaman minnətdar olmuşuq, lakin bu o demək deyil ki, bu zəfərin əsl sahibi başqalarıdır. Dəstək, müharibə meydanında, siyasi masada birbaşa döyüşdə iştirak mənasına gəlmir. O cümlədən, Azərbaycan bu dəstəyin əvəzini də qat-qat ödəyib. Amma heç vaxt “biz bunu etdik, bizim hesabımıza oldu” deməmişik. Lakin hər zaman da buna məruz qalırıq.
Hücumun “arxasındakılar”
Bəli, Naxçıvana hücum İranın hazırkı islahatçı hökumətinin əmri ilə olmaya bilər. Amma nəzərə almaq lazımdır ki, İranın bütün idarəçiliyi SEPAH-ın və onun seçdiyi ali rəhbər heyətinin əlindədir, formal islahatçı hökumətin deyil. Qərarları inqilabçı keşikçilər korpusu verir, dronların onların göndərdiyini də boyunlarına alıblar. SEPAH-a nəzarət edə bilməyən İran hökumətinin “biz vurmamışıq” deməsi, Rusiyanın ilk başlarda AZAL-ın qəzasına “biz vurmamışıq” deməsinə bənzəyir. Hər iki hücum da o ölkələrin ərazisindən edilib, kim cavabdeh olmalıdır? Əmrin hansı ağızdan çıxdığını da məsuliyyət daşıyan ölkə tapmalı, cəzalandırmalı, hücumu etiraf etməli və üzr istəməlidir. İstəyimiz sadəcə budur, müharibə deyil. Amma Məsud Pezeşkian “qardaşım” dediyi Azərbaycan liderinə deyil, Rusiya prezidentinə zəng edib Naxçıvana hücuma görə hesab verir. Türkiyə ictimaiyyəti bunu da görmür? Xeyr.
Ümid edirik ki, Türkiyə daxilindəki İran təbliğatçıları, Azərbaycanla münasibətləri pozmaq istəyən bütün qüvvələr ən qısa zamanda ortaya çıxar, planları uğursuz olar. Lakin onların sayı tükənməyəcək. Burada əsas məsuliyyət qardaş ölkədəki soydaşlara düşür. Çox bəsit, hər deyilənə inanmamaq lazımdır. Necə ki, biz azərbaycanlılar qanımızdan olanı hər şeydən üstün tuturuq!
Ayşən Mustafa
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.