AZ

Müasir müharibənin taleyini dəyişən güc: İran İsrail ABŞ savaşında gəmilər niyə önəm qazandı? VİDEO FOTO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevralın 28-dən alovlanan İran-İsrail-ABŞ münaqişəsi həm də dəniz əməliyyatlarını ön plana çıxardı. Belə ki, hələ məlum hadisələrdən bir neçə gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi ABŞ-İsrail hərbi əməliyyatının aparıldığı əraziyə çatmışdı. İkinci aviadaşıyıcı olan "USS Gerald R. Ford" isə Qırmızı dənizdə mövqe tutdu. ABŞ hazırda "USS George H.W. Bush" aviadaşıyıcı gəminin rəhbərlik etdiyi üçüncü zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

Dəniz əməliyyatlarının müasir müharibədə rolu nədir və hərbi strategiyada hansı üstünlükləri təklif edir? Dəniz əməliyyatları quru və hava əməliyyatları ilə necə əlaqələndirilir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ehtiyatda olan türkiyəli polkovnik, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nəzdində hərbi gəmilərin və silahların istehsalı ilə məşğul olan texnologiya mühəndisi Serdar Cin bildirib ki, dəniz əməliyyatları müasir müharibədə sahənin bağlanması, düşmənin logistika yollarının qarşısının alınması, əsgər və ləvazimatların daşınması üçün vacibdir:

"Təyyarə və raket ilə edilən hücumların sayı məhduddur. Amma dənizdən edilən yaxınlaşma ilə çox sayda sursat və silah düşmən bölgəsində istifadə oluna bilir. Dəniz platformaları ilə qurudakı birliklər Müştərək Hərəkət Mərkəzi ilə koordinasiya edilir. Dənizdən quru birliklərinə raket, artilleriya atəşi və ya hərbi qüvvə ilə dəstək verilir".

Müsahibimiz Türkiyənin bu sahədəki təcrübəsinə də toxunub:

"Türkiyə son dövrdə amfibiya tipli nəhəng "Anadolu" gəmisini istifadəyə verib və briqada səviyyəsində birliyi dəniz yolu ilə çox uzaq məsafələrə daşımaq qabiliyyəti qazanıb. Almaniyanın şimalında keçirilən "Steadfast Dart 26" təlimində 2 500 əsgər və zirehli texnika ilə iştirak edib. "Anadolu"nu iki ədəd freqat döyüş gəmisi müşayiət edib. Baltik dənizində yalnız "Anadolu" gəmisindən qalxan "Bayraktar TB3" pilotsuz uçuş aparatı soyuq hava şəraitində əməliyyat apararaq quru və dəniz hədəflərini yerli raketlərlə havadan vurub. Türkiyə ilə Almaniya arasındakı məsafə 5 000 km-dir".

"İran-İsrail-ABŞ müharibəsində isə İranın dəniz qüvvələri təsirsiz qalıb, Bəsrə körfəzinə yaxınlaşan təyyarədaşıyan və logistika gəmilərini dayandıra bilməyib. Düzdür, təyyarə ilə əsgər daşınması sürətlidir, lakin ləvazimat daşınmasında tonnaj məhdudiyyəti var. Gəmi ilə həyata keçirilən daşınma isə daha geniş imkanlar yaradır və tonnaj məhdudiyyəti yoxdur. Təyyarədaşıyan gəmiləri qoruyan və ləvazimat dəstəyi verən digər gəmilər də mövcuddur. Bundan əlavə, əsgər daşıyan amfibiya desant gəmiləri də bu qrupa daxildir. Bu vasitələrlə minlərlə əsgər və böyük həcmdə sursat müharibə zonasına yerləşdirilir".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
118
oxu.az

1Mənbələr