GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İranın Naxçıvan istiqamətində həyata keçirdiyi dron hücumu Cənubi Qafqazda sülh prosesi və kommunikasiyaların açılması ilə bağlı həssas mərhələyə təsadüf edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu hücum fonunda Təhlükəsizlik Şurasının iclasını toplaması və regional təhlükəsizliyi müzakirə etməsi diqqət çəkdi. O cümlədə, ölkənin xarici işlər naziri Ararat Mirzoyan da azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqə saxlayaraq İrəvanın naahatlığını çatdırdı.
Mövcud vəziyyətdə Tehran tərəfindən atılan addımların Bakı–İrəvan normallaşma prosesinə, xüsusilə də regionda nəqliyyat xətlərinin açılması perspektivinə necə təsir göstərə biləcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Tehran dron hücumu ilə sülh prosesinə və kommunikasiyaların açılması perspektivinə mane olmağa çalışır?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirildiyi iddia olunan dron hücumu ilə bağlı yaranmış vəziyyət Cənubi Qafqazda təhlükəsizlik mühitinin həssaslığını bir daha gündəmə gətirib:
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparması və baş nazir Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasını çağırması baş verən hadisələrin regional sabitlik baxımından ciddi diqqət tələb etdiyini göstərir.
Digər tərəfdən, məsələyə daha geniş geosiyasi kontekstdən yanaşdıqda aydın olur ki, Cənubi Qafqaz hazırda postmünaqişə dövrünün yeni siyasi reallıqları fonunda formalaşan bir mərhələdən keçir. Bu mərhələdə regionun gələcək inkişaf istiqamətini müəyyən edən əsas amillərdən biri Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyidir.
Azərbaycan müharibədən sonrakı mərhələdə qarşıdurma siyasətini deyil, regionda dayanıqlı sülhün təmin olunmasını, dövlətlər arasında münasibətlərin normallaşdırılmasını və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Aytən Qurbanova
Məhz bu baxımdan yanaşdıqda, ayrı-ayrı gərginlik yaradan hadisələrin və ya təxribat xarakterli addımların sülh prosesini strateji baxımdan dayandırması real görünmür. Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün həm qətiyyətli siyasi iradəyə, həm də kifayət qədər güclü potensiala malikdir.
Belə ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh modelini ardıcıl şəkildə irəli sürür. Nəticə etibarilə, Azərbaycanın formalaşdırdığı sülh gündəliyi bu gün Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsas platforması kimi çıxış edir.
Müəyyən gərginliklər və ya təxribat cəhdləri bu strateji istiqaməti dəyişmək gücündə deyil. Əksinə, region dövlətləri üçün sülhün və kommunikasiyaların açılmasının alternativsiz olduğu reallığı getdikcə daha aydın şəkildə özünü göstərir”.
Turan Rzayev
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.