Misli premyer-liqası
3-cü dövrə, 23-cü tur
7 mart
Karvan-Yevlax – Sumqayıt
“Karvan-Yevlax”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:2.
“Futbol+”in proqnozu: 20-40-40.
Yevlax, şəhər stadionu. Saat 15.00.
Mövsümün ən zəif komandası olan “Karvan-Yevlax” sonuncu sıradan xilas olmaq yönündə son şanlarını maksimum şəkildə dəyərləndirməyə çalışacaq. Təbii ki, komanda xal ehtiyatını artırmağa başlamalıdı. Yoxsa Yevlax camiəsinin uzun illər həsrətində olduğu premyer-liqa macərası uzun sürməyəcək. Əlbəttə, hədəf uğrunda son ana qədər mübarizə aparmağa dəyər. Lakin “Sumqayıt”ın da durumunu gözardı etməməliyik. Son 8 çempionat matçında cəmi 1 qələbə qazanan “kimyaçılar” bu dəfə tilsimi qırmalıdı ki, avrokuboklara yollanmaq ümidi yenidən canlansın.
Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb. Bu oyunlarda “gənclik şəhəri”nin təmsilçisi qalib gəlib. Topların nisbətində “Sumqayıt” öndədi – 6:1.
8 mart
Şamaxı – İmişli
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 1:+1=0-0, 1:0.
“Futbol+”in proqnozu: 40-40-20.
Şamaxı, şəhər stadionu. Saat 15.00.
Əslində hər iki komandanın, xüsusən “Şamaxı”nın premyer-liqada qalmaq məqsədinə çatmaq üzrə olduğunu deyə bilərik. Ayxan Abbasovun rəhbərliyi altında top qovan “şirlər” onsuz da mövsüm ərzində ciddi problemlə üzləşməyib. Odu ki, bölgə təmsilçisinin “İmişli” ilə matçda çətinlik çəkəcəyini proqnozlaşdırsaq, yanıla bilərik. Onsuz da “pələnglər”in durumu ürəkaçan deyil. Aranlılar 10 oyundu qələbə tanımır. Yenə də qonaqların sürprizə imza atmaq ehtimalını nəzərə almaq lazımdı. Çünki hər uğursuzluq “İmişli”ni təhlükəli zonaya bir addım da yaxınlaşdırır.
Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb. “Şamaxı” bu oyunların birində qalib gəlibsə, o birində “sülh”ə razılaşıb. Topların nisbətində “şirlər” öndədi – 1:0.
Qarabağ – Araz-Naxçıvan
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 7:+7=0-0, 18:3.
2000/01 – 1:0; 2001/02 – 3:0; 2023/24- 2:1, 3:1; 2024/25 – 2:0, 2:0; 2025/26 – 5:1.
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.15.
“Sabah”la son premyer-liqa matçında xal itirən “Qarabağ” ölkə kubokunda yarımfinala yüksəlməyi bacardı. İndi “Araz-Naxçıvan”a qalib gəlmək lazımdı ki, “bayquşlar”la aradakı xal fərqinin artmasının qarşısı alınsın. Mövsümü 3-cü pillədə bitirməyi hədəfləyən “Araz-Naxçıvan” da meydana qələbə üçün çıxacaq. Çünki “qırmızı-ağlar” hələ 5-ci sıradadı və 3-cü pillədə olan “Turan Tovuz”la aradakı xal fərqi 8-ə bərabərdi.
Bu komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib. Bu oyunların 10-da “Qarabağ”, 3-də “Araz-Naxçıvan” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 36:14.
9 mart
Zirə - Kəpəz
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 13:+9=4-0, 26:9.
2015/16 - 2:2, 2:2; 2016/17 - 2:0, 1:0; 2017/18 - 3:0, 2:1; 2022/23 - 2:2, 1:1. 2023/24 – 1:0, 2:1; 2024/25 – 3:0, 2:0; 2025/26 – 5:0.
“Futbol+”in proqnozu: 60-20-20.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.
3-cü pillə uğrunda “Turan Tovuz”la gərgin mübarizədə olan “Zirə” “doğma divarlar” arasında daha inamlı çıxış edəcək. Qəsəbə təmsilçisi növbəti qələbə sayəsində xal ehtiyatını artırmağa çalışacaq. Dünən ölkə kubokunda mübarizəni dayandıran, artıq yalnız premyer-liqada qalmaq hədəfinə köklənən “Kəpəz” isə meydanı azı bir xalla tərk etmək istəyəcək. Bu baxımdan Zirədə gərgin görüş izləyəcəyimizi düşünə bilərik.
Komandalar indiyə qədər 26 dəfə qarşılaşıb. Bunların 15-də “qartallar”, 3-də “sarı-göylər” qələbə qazanıb, 8-də heç-heçə qeydə alınıb. Topların nisbətində “Zirə” öndədi – 43:17.
Neftçi – Turan Tovuz
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+3=3-1, 11:4.
2022/23 – 0:0, 4:0; 2023/24 – 3:2, 3:0; 2024/25 – 0:0, 1:1; 2025/26 – 0:1.
“Futbol+”in proqnozu: 40-20-40.
Bakı, “Palms Sports Arena”. Saat 20.30.
Bu görüşün əksər futbolsevərlər tərəfindən maraqla gözlənildiyinə şübhə etməyə dəyməz. Hər halda, matça maraq böyükdü. Axı Yuri Vernidubun baş məşqçi postuna təyinatından sonra məğlubiyyət tanımayan “ağ-qaralar”ın Kurban Berdıyevin iddialı “Turan Tovuz”una qarşı necə oynayacağını, iki əcnəbi baş məşqçinin mübarizəsini görməyə dəyər. Görək, avrokuboklara vəsiqə qazanmaq istəyən komandaların dueli nə ilə nəticələnəcək?
Bu komandalar indiyə qədər 14 dəfə qarşılaşıb. Bunların 6-da “Neftçi”, 2-də “Turan Tovuz” qələbə qazanıb, 6-da qalib müəyyənləşməyib. Topların nisbətində paytaxt təmsilçisi öndədi – 17:11.
10 mart
Sabah – Qəbələ
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+10=0-3, 24:10.
2018/19 – 1:0, 0:1; 2019/20 – 0:1, 3:2; 2020/21 – 3:0, 1:0; 2021/22 – 0:2, 3:0; 2022/23 – 2:1, 3:2; 2023/24 – 5:0, 2:1; 2025/26 – 1:0.
“Futbol+”in proqnozu: 60-20-20.
Bakı, “Bank Respublika Arena”. Saat 19.15.
Dünən ölkə kubokunun oyununda “Qəbələ”nin müqavimətini yalnız penalty seriyasında qıran “Sabah”, heç şübhəsiz, növbəti oyunda bu rəqiblə qarşılaşmaq istəməzdi. Azı ona görə ki, “qırmızı-qaralar” çempionluq uğrunda mübarizə aparan “bayquşlar”ın xeyli güc sərf etməsinə səbəb oldu. Yenə də Masazır təmsilçisinin bu matçda xal itirməmək üçün əlindən gələni əsirgəməyəcəyi aydındı. İş ondadı ki, premyer-liqada qalmaq istəyən bölgə təmsilçisi bu dəfə də hakimin final fiti çalınana qədər vuruşmaqdan çəkinməyəcək. Mövsümün indiki məqamda “bayquşlar”ın oyununda sanki bir yorğunluq, ya bəlkə də gərginlik hiss olunur.
Komandalar indiyə qədər 25 dəfə üz-üzə gəlib. Bu matçların 15-də “bayquşlar”, 7-də “qırmızı-qaralar” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 40:22.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Karvan-Yevlax” xal qazanmayıb. “Sumqayıt” hər oyunda ən azı iki qol vurub.
// “İmişli” qol vurmayıb. “Şamaxı” evdə xal itirməyib.
// “Qarabağ” son 6 oyunda qalib gəlib. Son iki qarşılaşmada 5 qol vuran ağdamlılar bütün matçlarda rəqib qapısına yol tapıb.
// “Zirə” son 8 oyunda qalib gəlib. “Kəpəz” son 7 matçda qol vura bilməyib.
// “Neftçi” son iki oyunda qol vurmayıb. Son 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gələ bilməyib.
// “Sabah” son iki matçda “quru” hesabla qalib gəlib. “Qəbələ” son 6 səfərdən xalsız ayrılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta