AZ

QİYMƏT ARTIMLARI QAPIDA... “Bu, ərzaq və digər malların kəskin bahalaşmasına səbəb olacaq”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məlum olduğu kimi, Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul edilib.

Bu barədə ötən gün Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

“Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib”, - deyə əlavə edilib.

Qəbul edilən qərarı "AzPolitika"-ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, baş verən proseslər təkcə ərzaq məhsullarının deyil, ümumilikdə bütün malların qiymətinin artmasına təsir göstərəcək.

Onun sözlərinə görə, söhbət yalnız İrandan idxal olunan malların azalmasından və ya alternativ marşrutlara keçiddən getmir. Eyni zamanda Körfəz bölgəsində baş verən proseslər və İranın tranzit ölkə kimi sıradan çıxması ümumi logistik zəncirə ciddi təsir edir: "Bu isə həm gəmi daşımalarının bahalaşmasına səbəb olur, həm də sığorta haqları artır, məsafələr uzanır. İndiyə qədər Azərbaycan İran üzərindən Türkiyə, Naxçıvan, eləcə də Çin, Hindistan və digər Şərq ölkələri ilə ticarət aparırdı. Lakin mövcud vəziyyətdə bu ticarət axınlarının böyük hissəsi Orta Dəhlizə yönəlməli olacaq. Halbuki həmin marşrutun daşıma gücü hələ kifayət qədər zəifdir. Bundan əlavə, Xəzər dənizi vasitəsilə daşımalar da nisbətən bahadır".

İqtisadçı misal olaraq bildirib ki, böhrandan əvvəl Çindən Bəndər-Abbas limanı üzərindən daşınan 40 futluq konteynerin qiyməti təxminən 4300 dollar təşkil edirdi: "Lakin eyni yükün Orta Dəhliz vasitəsilə daşınması 6500–7000 dollara başa gəlir. Bu isə təqribən 60–70 faiz bahalaşma deməkdir. Üstəlik, bu marşrutun daşıma gücü də məhduddur.Alternativ marşrutlara keçid nəticəsində əvvəllər Çindən Bəndər-Abbas üzərindən daha qısa müddətdə Azərbaycana çatdırılan yüklər indi əlavə yollarla daşınmalı olacaq. Bu isə daşımaların daha da bahalaşmasına gətirib çıxaracaq. Nəticədə daşıma xərclərinin artması təkcə ərzaq məhsullarının deyil, digər malların da qiymətlərinin kəskin bahalaşmasına səbəb olacaq. Hazırkı şəraitdə bu prosesə alternativ marşrut tapmaq isə olduqca çətindir".

E. Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
azpolitika.info

1Mənbələr