AZ

Azərbaycanın təhlükəsizlik siyasəti və geosiyasi mesaj - Gülər Sultanzadə



Cənubi Qafqaz son illərdə yalnız regional deyil, qlobal güclərin diqqət mərkəzinə çevrilmiş strateji məkan kimi formalaşıb. Enerji marşrutları, nəqliyyat dəhlizləri və geosiyasi balansın dəyişməsi regionu beynəlxalq münasibətlər sistemində mühüm platformaya çevirib. Belə bir şəraitdə hər hansı hərbi və ya terror xarakterli təxribat yalnız iki ölkə arasında insident deyil, bütövlükdə regional təhlükəsizlik sisteminə yönəlmiş ciddi çağırış kimi qiymətləndirilir.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Partiya fəalı fikirlərini davam etdirərək bildirib ki martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası da məhz belə bir geosiyasi kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu kəskin şəkildə pisləyərək onun mahiyyətini açıq şəkildə ifadə etdi: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır.” Cənab Prezidentin sözlərinə görə hücumun hədəfi mülki obyektlər olub. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki infrastrukturların hədəfə alınması hadisənin yalnız hərbi deyil, həm də siyasi və psixoloji təzyiq elementi kimi planlaşdırıldığını göstərir. Naxçıvan istiqamətində baş verən bu hadisə bir neçə geosiyasi məqamı ortaya çıxarır. Birincisi, Naxçıvan Azərbaycanın strateji əhəmiyyətə malik regionudur. Türkiyə ilə quru əlaqəsini təmin edən bu ərazi eyni zamanda regional nəqliyyat və enerji layihələrinin təhlükəsizlik baxımından mühüm elementidir. Belə bir bölgəyə qarşı hərbi təzyiq cəhdi təkcə Azərbaycanla deyil, regionun geosiyasi balansı ilə bağlı mesaj kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyev çıxışında bu təxribatın təsadüfi olmadığını vurğulayaraq bildirdi: “Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir.” Bu fikrin arxasında mühüm siyasi kontekst dayanır. Son illər Azərbaycan regionda öz suverenliyini tam bərpa edib və yeni siyasi reallıq formalaşdırıb. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan güc balansı Azərbaycanın siyasi və hərbi mövqelərini xeyli gücləndirib. Cənab Prezident İlham Əliyev çıxışında yalnız hərbi və diplomatik məsələlərə deyil, informasiya müharibəsinə də diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, İranın bəzi media resursları uzun müddətdir Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. “İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək üçün çirkin, şər-böhtan kampaniyası aparırdı.” Bu faktor regionda hibrid münaqişə elementlərinin də mövcud olduğunu göstərir. Müasir beynəlxalq münasibətlərdə hərbi təzyiqlə yanaşı informasiya müharibəsi də dövlətlərin strateji alətlərindən birinə çevrilib. Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda sabitlik təşəbbüslərinin aparıcı iştirakçısına çevrilməsi isə bəzi dairələrdə narahatlıq yaradır. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsipini bir daha aydın şəkildə ifadə etdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib və verməyəcək. “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək.” Bu mövqe Azərbaycanın beynəlxalq hüquqa və regional sabitliyə sadiqliyinin göstəricisidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməklə yanaşı, regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Lakin dövlət başçısı eyni zamanda açıq mesaj verdi ki, ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən təhdid cavabsız qalmayacaq. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.”

Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Dəmir yumruq” ifadəsi artıq Azərbaycanın təhlükəsizlik strategiyasının simvolik anlayışına çevrilib. Bu termin təkcə hərbi gücü deyil, həm də milli birlik, siyasi iradə və dövlət qətiyyətini ifadə edir. Dövlət başçısı qeyd etdi: “Bizim gücümüzü sınamaq istəyənlərin başı Dəmir yumruq vasitəsilə yarıldı.” Bu ifadə regionda yeni təhlükəsizlik reallığını da ortaya qoyur. Azərbaycan artıq yalnız müdafiə mövqeyində olan dövlət deyil, öz təhlükəsizlik maraqlarını aktiv şəkildə qoruyan və regional proseslərə təsir göstərən güclü aktordur. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın humanitar yanaşması ilə bağlı idi. Dövlət başçısı açıqladı ki, İran tərəfi Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəyib və Azərbaycan tərəfi bu müraciəti qəbul edib. “Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” Bu fakt beynəlxalq münasibətlərdə siyasi qarşıdurmaların belə humanitar prinsipləri arxa plana atmamalı olduğunu göstərən mühüm nümunədir.

Təhlükəsizlik Şurasının iclası bir daha göstərdi ki, Azərbaycan regionda baş verən prosesləri diqqətlə izləyir və milli təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təhdidə qarşı adekvat reaksiya verməyə hazırdır. Cənab Prezident İlham Əliyevin çıxışı həm ölkə daxilində ictimaiyyətə, həm də regionda maraqları olan beynəlxalq aktorlara ünvanlanmış strateji mesaj idi. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim Dəmir yumruğumuzu görəcək.” Bu mesaj yalnız bir hadisəyə reaksiya deyil, həm də Azərbaycanın yeni geosiyasi reallıqda öz mövqeyini necə qoruyacağını göstərən prinsipial siyasi bəyanatdır-deyə Gülər Sultanzadə fikrini yekunlaşdırıb.



Seçilən
17
aia.az

1Mənbələr