Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində QHT nümayəndələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüş zamanı vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə “Ağlabatan uyğunlaşdırılma” layihəsinin mahiyyəti, tətbiq mexanizmi barədə məlumat verilib. Bildirilib ki, əlilliyi olan şəxslər “e-sosial” internet portalı üzərindən ağlabatan uyğunlaşdırılma tələbini idarə, müəssisə və təşkilatlara yönləndirə bilərlər. Ağlabatan uyğunlaşdırılma layihəsi əlilliyi olan şəxslər üçün müyəssər mühitin yaradılması, onların gündəlik həyat fəaliyyətlərini asanlaşdırmaq, sosial həyatda daha fəal iştirakını təmin etmək və bütövlükdə cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyasını dəstəkləmək məqsədini daşıyır.
QHT nümayəndələrinə Agentlik tərəfindən son illər xidmətlərin daha əlçatan, inklüziv və vətəndaş yönümlü təşkili məqsədilə icra olunan rəqəmsal layihələrdən biri olan "Sənə özəl" barədə də məlumat verilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədi daşıyan layihə çərçivəsində “e-sosial” portalının mobil tətbiqi daxilində “Sənə özəl” platforması yaradılıb. Qeyd olunub ki, bu platforma əlilliyi olan şəxslərin rəqəmsal əlillik kartından istifadəsinə, eləcə də sosial tərəfdaşların imtiyaz və güzəştlərindən yararlanmalarına imkan verir.
Görüşdə Agentliyin fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin rəy və təklifləri dinlənilib.