AZ

SON DƏQİQƏ: Çin ABŞ-İran müharibəsinə qoşula bilər – Trampın sonu yaxınlaşıb?

ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda böyük güclərin bu münaqişədə hansı mövqeni tutacağı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, CNN-in yaydığı məlumatda Çin Xalq Respublikasının İrana maliyyə yardımı göstərmək və raket sistemləri üçün vacib komponentlər tədarük etməyi nəzərdən keçirməsi regiondakı güc balansının dəyişəcəyi ilə bağlı ehtimalları artırıb. Belə bir addım ABŞ ilə Çin arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə, eyni zamanda Yaxın Şərqdə hərbi və siyasi vəziyyətə ciddi təsir göstərə bilər.

Bəs Pekinin mümkün dəstəyi regiondakı hərbi-siyasi balansı həqiqətən dəyişə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırkı şəraitdə nə Çin, nə də Rusiya İrana ciddi hərbi dəstək verə bilər.
Onun sözlərinə görə, həm Çin Xalq Respublikası, həm də Rusiya silah arsenalında dəniz hədəflərinə qarşı istifadə edilə bilən çox sayda torpedaya malikdir və bu silahlarla ABŞ-ın qruplaşmalarına ciddi zərbə vurmaq mümkündür.

Ədalət Verdiyev

“Lakin biz regionda belə silahların tətbiqini və ya İrana verilməsini müşahidə etmədik. Bu da onu göstərir ki, nə Rusiya, nə də Çin həmin silahları İrana təqdim edib”, – deyə ekspert qeyd edib.

Ədalət Verdiyevin sözlərinə görə, hazırkı vəziyyətdə İrana hər hansı hərbi komponentlərin çatdırılması da olduqca çətin görünür:

“Bir tərəfdən İranın hava məkanı bağlıdır. Digər tərəfdən ölkə ətrafındakı limanlara giriş-çıxış demək olar ki, ABŞ-ın nəzarətindədir. Həmin limanlarda, o cümlədən Hörmüz boğazı ətrafında İranın 30-dan çox döyüş gəmisinin məhv edildiyi, bir çoxunun isə batırıldığı bildirilir. Belə vəziyyətdə Çin həmin komponentləri hansı yolla İrana çatdıra bilər?” – deyə o, sual edib.

Ekspert əlavə edib ki, İran hətta öz diplomatlarını belə qonşu Livan ərazisindən çıxarmaqda çətinlik çəkib və bunun üçün Azərbaycandan kömək istəyib:

Onun fikrincə, İranın limanlarının və döyüş gəmilərinin hədəfə alınması, eləcə də bir sıra pilotsuz uçuş aparatlarının sıradan çıxarılması fonunda ölkəyə kənardan hərbi yardımın çatdırılması hazırkı şəraitdə real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
107
1
konkret.az

2Mənbələr