AZ

“PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC lər tenderlərin qalibi olur… NİYƏ?..”

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Əgər 100  illik universitet ildə minlərlə müəllim hazırlayırsa, müəllimlər üçün qısamüddətli təlim  kursları niyə onlara sifariş edilməsin?..”  

“Dövlət vəsaiti isə yalnız maliyyə resursu deyil – o, ictimai etimadın göstəricisidir. Bu etimadın qorunması isə hər hansı layihədən daha böyük strateji prioritet olmalıdır…”

“TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu  işi  özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini  daha da sürətləndirdi...№

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “ETN niyə  PHŞ etdiyi  universitetləri dəstəkləmir?”  başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Biliklər cəmiyyətində təhsil fasiləsiz proses olmalıdır. Yəni cəmiyyət daim öyrənən cəmiyyət olmasa, heç bir transformasiya ola bilməz. Bu tələb süni intellekt dövründə daha   aktualdır.   Belə bir zamanda universitetlərin rolu və fəaliyyət sferası daha da genişlənir. Məhdud maliyyə imkanlarına malik universitetlərimizin icbari olaraq  publik hüquqi şəxs (PHŞ) modelinə keçidi onları əlavə maliyyə mənbələri axtarmağa sövq etməlidir. Lakin universitetlərimizdə  elm, innovasiya, elmi nəticələrin kommersiyalaşdırılması, startap ideyaları zəif inkişaf  etdiyindən universitetlərimiz əlavə  pul qazana bilmir.  Belə vəziyyətdə universitetlər əlavə təhsil xidmətləri vasitəsi ilə pul qazana bilər. Nəzərə alsaq ki, ETN-nin uzun illər ərzində yürütdüyü   səhv və ziyanlı təhsil strategiyası səbəbi ilə hələ də universitetimizdə normal distant təhsil sistemi yaradılmayıb. Deməli, universitetlərimiz onlayn təhsildən də pul qazanmaq imkanından məhrumdurlar. 

Digər tərəfdən,  ETN və onun təsis etdiyi  Fondlar tez-tez müxtəlif təlimlər sifariş edirlər.  Bu sifarişlərin icraçısı universitetlər ola bilərdi. Burada illik dövriyyə milyonlarla manat təşkil edir. Xüsusən də 20 il əvvəl TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu  işi  özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini  daha da sürətləndirdi.  Məmurların təhsilə  ziyanlı, dağıdıcı təsir edən bu  “innovasiya”sının  əsas səbəbi,  təbii ki,  daha çox şəxsi qazanc əldə etmək  niyyəti idi. Amma bu işlərin təşkilində 20 il ərzində çoxsaylı nöqsanlar oldu, keyfiyyət xeyli endi, amma qaz vurub qazan dolduranlar da çox oldu. Ona görə də bu ziyanlı təcrübə hələ də davam edir.  Görünür,  əsas  olan gəlirdir, təhsil çöksə də olar… 

Belə  təlim və ixtisasartırma xidmətləri   üzrə bazarda çoxsaylı potensial icraçıların, xüsusilə   ETN tərəfindən  akkreditə olunmuş universitetlərin   mövcud olduğu şəraitdə, dost-tanışların səviyyəsiz  kurslarının təhsil bazarına  daxil olması, bəzən 15-20 il ərzində monopoliya yaratması təhsil ictimaiyyətində  ciddi suallar doğurur. Təəssüf ki, bu 20 ildə bu suallar təhsil məmurlarını narahat etmədi, çünki, heç təhsil də, onun keyfiyyəti də məmurları narahat etmir, təki “biznes”ləri yaxşı getsin. 

Çox vaxt  bu kurslar üçün  “bir mənbə” üsulu  tətbiq edilir, heç bir ictimai əsaslandırma da verilmir.  Bu mexanizm isə qanunsuzluqdur, rəqabəti zəiflədir,  qiymət və keyfiyyət müqayisəsini mümkünsüz edir, maraqlar toqquşması şübhələri  yaranır, xalqın dövlət qurumlarına ictimai etimadı azaldır.

Beləliklə paradoksal vəziyyət yaranır:  akkreditə olunmuş,  PHŞ olmuş kasıb  universitetlər kənarda qalır,   akkreditasiyasız MMC-lər  tenderlərin qalibi olur.  Sual yaranır: necə olur ki, ETN akkreditasiyasından keçən, bakalavr və magistr hazırlayan universitetlər deyil, rəsmi təhsil akkreditasiyası olmayan MMC-lər uzun illərdir böyük həcmli təlim layihələri ala bilir?

Bu sual iki təşkilati ziddiyyəti üzə çıxarır:

1) ETN  bir tərəfdən universitetləri akkreditasiya edir, onlara keyfiyyət tələbləri qoyur, digər tərəfdən isə həmin universitetlərin malik olduğu elmi-pedaqoji potensialı dövlət sifarişli təlim layihələrinə sistemli şəkildə səfərbər etmir.  

2) Universitetlərin imkanları  maliyyə baxımından məhdudlaşdırılır, publik hüquqi şəxs (PHŞ) modelinə keçid zamanı kifayət qədər maliyyə bazası olmadan yeni idarəetmə modelinə keçirilir, onların  pul qazanmaları üçün imkan yaradılmır,  amma eyni vaxtda milyonlarla manatlıq layihələr alternativ və keyfiyyətsiz qurumlara yönəldilir.

Əgər 100  illik universitet ildə minlərlə müəllim hazırlayırsa, müəllimlər üçün qısamüddətli təlim  kursları niyə onlara sifariş edilməsin?  Ümumiyyətlə. təhsil islahatı ilə əlaqdar bütün elmi, texniki, texnoloji, metodiki v.a. yönlü  layihələr universitetlərə,  xüsusən də  pedaqoji yönlü universitetlərə verilməlidir. 

Respublika   prezidenti  İlham Əliyev  AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda  qeyd edib:  “ Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada- bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.  Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.”    Dövlət qurumlarının elmlə, alimlərlə əlaqələr qurmasına ilk nümunəni məhz  ETN göstərməlidir, ən azından belə  təlimləri universitetlərə yönəltməklə, alimlərin potensialından istifadə etməklə v.s.  ETN isə bu layihələri qanunsuz olaraq, özləri kimi elmdən uzaq dostlarına “hədiyyə” edirlər...   

Bəzən də belə model tətbiq edilir: təlimlər  universitet tərəfindən keçirilir,  lakin vəsait MMC  və ya QHT-yə köçürülür. Bu  “vasitəçi modeli”ni xatırladır. Bu modeldə  akademik işi universitet görür,  maliyyə axını üçüncü tərəf vasitəsilə idarə olunur,  ictimai məsuliyyət isə xaotik olur.  Qazanan isə işbazlar olur. Belə yanaşma bir neçə risk yaradır:

1.Maliyyə pozuntusu ehtimalı – vəsaitin faktiki icraçıya deyil, vasitəçiyə yönəlməsi  sualları doğurur.

2. Reputasiya zədəsi – keyfiyyətsiz icra və ya MMC-nin maliyyə pozuntuları  mediada  hallanır və universitetin adına ləkə gəlir. 

  

3.Təşkilatı  boşluq – dövlət universiteti öz funksiyasını yerinə yetirmək əvəzinə icraçı-subpodratçı statusuna endirilir, MMC və ya QHT-nin “xidmətçi”si olur.

Əgər belə mexanizm illərlə davam edirsə və sadəcə qurumun adı dəyişirsə, (məsələn TN indi ETN olarsa, ya əvvəlki QHT-nin adı KİV-lərdə hallandığı üçün onun bazasında  MMC  yaratmaqla “ETN-MMC tərəfdaşlığı”  davam etdir.  Yəni ETN-nin  iş “texnologiya”sı  dəyişmir, bu artıq fərdi hadisə yox, struktur problemdir.

Bu proseslərin nəticəsi  etimad böhranı və insan kapitalı itkisi ilə yekunlaşır.  Belə təcrübə uzunmüddətli perspektivdə bir neçə mənfi nəticə yaradır:

• Universitetlər demotivasiya olur– dövlət sifarişli layihələrdən kənar qalmaq onların maliyyə və akademik inkişafını zəiflədir.

• Elmi-pedaqoji potensial  istifadəsiz qalır – mövcud kadr bazası effektiv səfərbər edilmir.

• İctimai etimadın azalması – satınalma mexanizmlərinə şübhə dövlət institutlarına ümumi inamı sarsıdır, korrupsiya ehtimalı yüksəlir.

• Keyfiyyətin qeyri-sabitliyi – rəqabət olmadıqda keyfiyyət təminatı zəifləyir.

Əgər eyni qurumlar illərdir “himayə” altında milyonluq layihələr alırsa və sonradan  da iştirakşılar “uğurlu karyera” qura bilirsə,  bu, meritokratiya prinsipinin aşınmasıdır. 

Belə durumdan  çıxış yolu  struktur islahatlar və şəffaf, açıq mexanizmlərin yaradılması və düzgün tətbiqidir.  Problemin həlli  sistemli mexanizmlərin qurulmasındadır:

1. Təlim və ixtisasartırma layihələri üzrə məcburi açıq tender mexanizmi tətbiq edilməlidir (istisnalar ictimai əsaslandırma ilə açıqlanmalıdır).

2. Dövlət sifarişli təlimlərdə akkreditə olunmuş universitetlərə prioritet iştirak imkanı verilməlidir.

3. Maraqlar toqquşması halları üçün müstəqil audit və ictimai hesabatlılıq mexanizmi qurulmalıdır.

Burada əsas məsələ konkret MMC, QHT  və ya konkret məmurlar  deyil. Məsələ dövlət təhsil siyasətində institusional ardıcıllıq, şəffaflıq və ədalətli rəqabət prinsipinin qorunmasıdır, nə TN-də, nə də ETN-də olmayıb. 

Əgər universitetlər akkreditə olunur, keyfiyyət standartları ilə qiymətləndirilir, lakin dövlət sifarişli layihələrdə sistemli şəkildə kənarda saxlanılırsa, bu, təhsil sisteminin öz daxilində struktur ziddiyyət yaradır.

Bu ziddiyyət aradan qaldırılmadıqca, nə peşə təhsilində keyfiyyətli sıçrayış, nə də insan kapitalına real investisiya mümkün olacaq. Dövlət vəsaiti isə yalnız maliyyə resursu deyil – o, ictimai etimadın göstəricisidir. Bu etimadın qorunması isə hər hansı layihədən daha böyük strateji prioritet olmalıdır.

Dosent İlham Əhmədov”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
moderator.az

3Mənbələr