AZ

Qonşuluq münasibətlərini qoruyan Azərbaycana qarşı İran tərəfindən edilən hücum beynəlxalq hüquqa ziddir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktura hücumlar həyata keçirilib. Hücumda istifadə olunan pilotsuz uçuş aparatlarının texniki xüsusiyyətləri və hadisənin təfərrüatları araşdırılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, hər hansı hərbi zərurət olmadan mülki infrastruktura qarşı törədilən bu hücumlar qəti şəkildə pislənir. Baş vermiş hadisəyə görə məsuliyyət tamamilə İran İslam Respublikasının üzərinə düşür. Nazirlik həmçinin Azərbaycan ərazisinin və suverenliyinin müdafiəsi, mülki şəxslərin və infrastrukturların təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücumların cavabsız qalmayacağını açıqlayıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilə kimi qiymətləndirilə bilər və bu addım həm BMT Nizamnaməsinin, həm də beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Rizvan Nəbiyev vurğulayıb ki, məsələ ilə bağlı İran tərəfdən dərhal üzrxahlıq edilməli və məsul şəxslərin cavabdehliyi barədə açıqlama verilməlidir.

Deputatın fikrincə, atılan addımlar açıq şəkildə Azərbaycanın suverenliyinə qarşı müdaxilə cəhdi təşkil edir.

Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan hər zaman ikitərəfli xoş qonşuluq münasibətlərinə sadiq olub və bu münasibətlərin inkişafı üçün bütün resurslarından istifadə edib.

“Azərbaycan ərazisi heç bir halda İran əleyhinə istifadə edilməyəcək. Bu qərar həm hava məkanı, həm də quru ərazisi üçün keçərlidir”-deyən depuata bildirib ki, Azərbaycan bu mövqeyinə daim sadiq qalır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
155
50
bizimyol.info

10Mənbələr