AZ

Azərbaycan və Türkiyədə 5 ci kolon niyə fəallaşdı? Selçuk Düzgün gizlinləri açdı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəyə düşmən olan xarici elementləri bir kənara qoysaq, türkçülük və türk dünyasının maraqları ilə bağlı məsələlərdə Azərbaycan və Türkiyədəki müəyyən qrupların və şəxslərin ölkələrimizə qarşı dərhal 5-ci kolon fəaliyyətinə başladığını görürük…

Onlardan biri və bəlkə də ən təhlükəlisi Abdurrahman Dilipakdır… Çünki Abdurrahman bəy illərdir siyasi islam vasitəsilə özü üçün bir yazıçı obrazı yaradıb və bu obrazla çox geniş auditoriya üçün məqalələr yazıb. Lakin onun yazıları, xüsusən də Azərbaycanla bağlı olanları qərəzlidir, həqiqətə uyğun deyil və sanki müəyyən qruplar tərəfindən Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün sifarişli olaraq yazılıb.

Abdurrahman Dilipakın, xüsusən də 2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın İsrail ilə münasibətlərini tənqid edən açıqlamaları ictimai müzakirələrə və reaksiyalara səbəb olub. Dilipak “Azərbaycan İsrailə ən yaxın İslam ölkəsidir” deyərək Azərbaycanın İsrail ilə hərbi və siyasi əməkdaşlığını tənqid edib. Və bu tənqidlərini “ölkələrimizə Turanı İsrail vasitəsilə quracaqlar” kimi məntiqsiz bir iddiaya qədər çatdırmağı bacarıb. İndi onun yazılarından çoxlu nümunələr gətirə bilərəm, amma xüsusilə son məqaləsi haqqında danışmaq istəyirəm…

Dilipak aşağıdakıları yazıb:

“İran kimi Azərbaycan da şiədir. Azərbaycan İsrailə ən yaxın İslam ölkəsidir. Necə ola bilər ki, Azərbaycanla iki dövlət, bir millət olaq və İrana qarşı tərəddüd edək? İsrailin öz ölkəsindən kənarda yeganə hərbi bazası Azərbaycandadır. İsrailin nefti Bakı-Ceyhandan gedir”.

Deyə bilərsiniz ki, “Bu adam türkçülüyə islami nöqteyi-nəzərdən əhəmiyyət vermir və tipik türkçülük düşməni kripto-agentləri kimi reaksiya verir, bu onun dünyasıdır, sizə nə var?” Düzdür, buraya qədər heç bir problem yoxdur, bu tiplər bizim üçün də çox önəmli deyil, amma inandığımız din “Yalan danışma, böhtan atma, sübut olmayan bir şeyi müdafiə etmə” demirmi? Müəllifin yuxarıdakı cümlələri 5-ci kolon yazısına xas yalan cümlələr deyilmi?

Yazını düzəltməyə haradan başlayaq?

Selçuk Düzgün

– Azərbaycan şiə və sünni icmalarından, eləcə də digər dinlərin icmalarından ibarətdir və bu mədəniyyətdə hər kəs öz dininə etiqad etməkdə sərbəstdir. Bundan əlavə, Azərbaycan şiələri ilə İran fars şiələri arasında bir çox fərqlər var. Əgər razı olarsa, mən onu bu məsələləri onunla müzakirə etmək üçün mövzu üzrə mütəxəssislərlə tanış edə bilərəm…

– Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur! Sovet dövründən qalmış və Rusiyaya icarəyə verilmiş radar stansiyasını idarə etmək üçün Azərbaycanda olan sonuncu rus kontinenti 15 il əvvəl buranı tərk edib. Azərbaycan qanunlarına görə, ölkədə xarici hərbi bazaların olması qadağandır. Bir gün qanunlar dəyişərsə və xarici hərbi baza yaradılarsa, inanın mənə, orada yalnız Türkiyə ordusu olacaq.

– Azərbaycan nefti İsrailə getmir… Azərbaycan neftini bazara çıxarır, kim almaq istəyirsə, alır. Tutaq ki, birbaşa İsrailə satır, bundan kimə nə?

Həmçinin, Azərbaycan və yəhudi icması arasında tarixi dost əlaqələri var. Azərbaycanda hələ də yəhudi yaşayış məntəqələri və yəhudi əsilli Azərbaycan vətəndaşları var. Onlar Qarabağ müharibəsində zabitlərini şəhid veriblər. Bu insanlar düşünürlər ki, Azərbaycanın yəhudilərlə qurduğu vətəndaşlıq münasibətləri İsraillə münasibətləri ilə eynidir.

Hər halda, mətnə nə qədər düzəliş edə bildim, onu bilmirəm, amma son sözüm budur ki, dinimizdə yalan ittiham haramdır, xüsusən də sosial xaosa səbəb olarsa bu, xəyanət səviyyəsinə çatır. Bildiyim qədəri ilə, dinimizdə yalan danışmaq yalnız casusluq fəaliyyətində haram sayılmır. Peyğəmbərimiz “müharibə hiylədir” deyərkən bunu nəzərdə tuturdu. Yəni agent kimi əsir götürülsəniz, hər cür hiylədən istifadə etmək hüququnuz var.

Cənab Dilipak, bu ölkənin hörmətli bir yazıçısı və vətəndaşı olaraq, əgər bütün bu nümunələrə uyğun gəlmirsinizsə, xahiş edirəm, yuxarıdakı məqalənizə görə üzr istəyin və ya iddialarınızı sübut edin. Bir az uzun məqalə oldu, amma Azərbaycan-Türkiyə münasibətlərinə canımız fəda olsun. Növbəti məqaləmi Azərbaycan tərəfindəki rus və fars düşüncəli, türkçülük düşməni tiplər haqqında yazacağam…

Müəllif: Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün

Tərcümə etdi: Gülnar Səlimova

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr