AZ

Müharibənin yükünü sadə insanlar daşıyır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az portalına istinadən.

Günel Mövlud, yazıçı:

- 29 yaşım vardı. Tiflisə ilk səfərim idi. Bakıdan olduqca şəxsi bir məsələyə görə baş götürüb getmişdim. Gürcü rəfiqəm Natia vəziyyətimi görüb, məni özü ilə öz ölkəsinə aparmaqda israr etmişdi.

Aprel ayı idi, şəhər mərkəzindəki saysız-hesabsız yasəmən ağaclarının hamısı birdən çiçəkləmiş, şəhəri incə, zərif bir yasəmən ətri götürmüşdü. Qənbər daşları döşənmiş küçələrə, yüzlərlə qafqazlı mütəfəkkirin ruhları boylanan işləməli Tiflis eyvanlarına baxdıqca, şəhəri dolaşan şən gürcülərin səslərinə qulaq kəsildikcə tamam başda bir dünyada, başqa bir gerçəyin içində olduğumu hiss edirdim. Havasında bir təmizlik, bir azadlıq dolaşan bu şəhər sanki yarlarımı sağaldırdı.

Qonaq getdiyimiz evdə televizor bütün günü işləyirdi. Gürcü dilində olduğundan heç nə başa düşmürdüm. Amma diqqətim bütün günü efirdə olan bir cavan adamda idi. Yaraşıqlı, hündür, sağlamlıqdan (bəlkə də bir az da gürcü şərabından) yanaqları qızarmış bu cavan adam islahedilməz bir enerji ilə danışır, bütün günü şəhərdə dolaşır, müsahibə verirdi. Natiadan bu adamın kim olduğunu soruşdum.

- Gigi Uqulavadır. Tiflisin meri. İkincə dəfə mer seçilmək istəyir. İndi seçkiqabağı təbliğatıdır.

Televiziyada bütün günü Tiflis küçələrini gəzən, boy-buxunu, enerjisi ilə o küçələrə yaraşan, bu şəhərlə sanki harmonik bir bağı olan bu adama baxdıqca baxırdım. Qəlbimdə, ilahi, dünyada öz şəhərinə yaraşan necə kişilər var, deyə düşünürdüm.

Gigi Ugulava o vaxt hakim partiyanın üzvü, prezident Saakaşvilinin sağ əli idi. Ömrünün ən gözəl illərini yaşayırdı. Trostski vətəndaş müharibəsindən 1927-ci ilə qədər nə idisə, o illər də Gigi Gürcüstan üçün o idi. Siyasətçi kimi qızıl dövrünü yaşayırdı. Gürcülər, əsas də tiflislilər ondan çox razı idi. 

- O, bizim Gigidir. Özü əslən Tiflisdəndir. Bu şəhər ona o qədər doğmadır ki, qoymaz bir tarixi bina sökülə, Tiflisin qədimliyinə xələl gələ. - deyirdilər.

Natianın yanında elə hey köks ötürürdüm. Niyəsini soruşanda deyirdim ki, məni iki bəlaya, iki eşqə birdən saldın. Mən indi Tiflisi də, Gigini də sevirəm. Amma başa düşmürəm, Gigini Tiflisə görə, yoxsa Tiflisi Gigiyə görə...

Aradan illər keçdi. Saakaşvilinin partiyası seçkiləri uduzdu. Gigi həbs edildi. Həbsdə şəkər xəstəliyinə tutuldu. Mən vətənimdən didərgin düşüb, Tiflisə sığındım. O şəhərdə ədəbi əlaqələr qurmağa başladım.

Yenə illər keçdi. Gürcüstanı da tərk etməli oldum. Amma hər yay Tiflisə gedir, Qafqaz həsrətimi bu şəhərdə doyumağa çalışırdım. Tiflis indi də qürbət yaralarımı sarıyır, Tiflis səmasındakı hilal ay yenə gözəl-gözəl parıldayır, məni xəyalən bu qədim şəhərin Mirzə Şəfinin təsvir etdiyi yastı Tiflis damlarına çıxarırdı. Yenə illər keçirdi...

İki il əvvəl, bir yay axşamı Rustaveli küçəsini gəzərkən Parlamentin qarşısındakı nümayişi gördüm. Gürcülər həmişəki kimi etiraz edirdilər. Səkinin kənarındakı seyrək yerdən keçib getmək istəyəndə qəfildən hündür bir kişi ilə toqquşdum. Başımı qaldırdım. Gigi Ugulava idi...

Qocalmışdı, arıqlamışdı, saçları ağarmış, üzü qırışmışdı. Gözlərindəki on-on iki il əvvəlki parıltı, özündə o illərdəki enerji yox idi. Tək dayanmışdı. Yanında heç kim yox idi. Gigi...Tiflisin keçmiş meri... Partiyası uduzmuş, prezidenti həbs edilmiş, doğma və qədim şəhəri göydələnlərlə doldurulmuş Gigi Ugulava. "Getmə, mənə əzab verir Tiflisin həbsdəki meri" deyə şeir yazdığım Gigi... 

On iki il əvvəl mən onun mer olduğu şəhərə heç kim kimi gəlmişdim. İndisə Tiflisdə mənim vəziyyətim onunkundan daha yaxşı idi. Gürcüstanda nəşriyyatlarla, festivallarla, ədəbi qurumlarla, yazıçılarla, jurnalistlərlə əlaqələri, dostluqları olan, özünə ilmə-ilmə yazıçı hekayəsi quran, jurnallarda, saytlarda şeirlərim, müsahibələri dərc edilən, kitabı gürcü dilinə tərcümə edilən, o kitabı oxuyan gürcü şagirdlərindən, müəllimlərindən məktublar alan yazıçı idim. Onun şəhərində, Giginin şəhərində. Şərtlər necə də dəyişmişdi.

Amma dəyişməyən şeylər də vardı.

Mən onu tanıyırdım, o məni tanımırdı...

Mən hələ də onu sevirdim, o məni sevmirdi...

Tiflis hələ də mənim deyil, onun şəhəri idi...

O öz yorğun, uduzmuş, yaşlı və tək halı ilə doğma şəhərinə hələ də, hələ də yaraşırdı!

Onun üzünə gülümsəyib, gürcücə üzr istədim və qəlbimdəki minlərlə sözün heç birini demədən keçib, getdim.

Amma o gün həyatımda ilk dəfə yazıçı olmağımla qürur duydum. Giginin şəhərində yazıçı ola bildiyimə görə yox. Ona, onun şəhərinə, onun şəhərinin qədimliyinə, o qədimlik qarşısında keçirdiyim o naqolay, çəkingən hissi ifadə etmək bacarığım olduğuna görə. Belə gözəl hissləri yazmaq qabiliyyətim olduğuna görə...

Bir gün gəlir, bu dünyada insanı hamı tərk edir.

Yazmaq ehtiyacı isə qalır. 

Yazıçılar gününüz mübarək, əziz həmkarlarım!

Zaur Əliyev, professor:

- Axır ki, istədiyinə çatdı. Uzun illərdir atası və sistem ilə mübarizə aparan Müctəba Xamenei taxta oturdu. Əli Xameneinin yerinə onun ikinci oğlu Müctəba Xamenei seçildi. SEPAH və Bəsic Qum məktəbinə qalib gəldi.

İranda proseslərdən az-çox xəbəri olan bilir ki, Müctəba xalq arasında sevilmir, onun kifayət qədər pula hərisliyi olması İranda beyin mərkəzləri tərəfindən də təsdiq edilir. 

Onun varis olmasını gizli saxlayırdılar, atası onu öz yerində görmək istəyirdi, lakin xalq arasında oğlunun nüfuzunun olmaması ona bu istəyi gizlincə həyata keçirməyə şərait yaratdı. İranda ali rəhbər olmaq üçün Böyük müctəhid olmaq lazımdır. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamenei müctəhidlikdən tez bir vaxtda höccətül-islam pilləsinə qaldırılıb atasının sayəsində.

O, Zəhra Həddad-Adildən olan yeganə övladının dünyaya gəlməsi üçün Britaniyada özəl xəstəxananı 50 milyon funt-sterlinq verib almış idi və bu xəbər nəinki yüksək ruhanilərin, hətta atasının da ciddi narazılığına səbəb olmuş idi. Bu hadisədən bir müddət sonra isə Böyük Britaniya hökuməti onun  təxminən 1,6 milyard dollar dəyərində bank hesabını dondurdu

2011-ci ildə atasına qarşı sui-qəsd planlaşmasında onun da hallanmış və hətta bir müddət həbs də edilmiş idi. Hakimiyyət hərisi olan Müctəbaya qarşı ölkədə belə şüar var idi 

"Müctəba, öləsən, rəhbərliyi görməyəsən!"

Bütün etirazlara baxmayaraq,   SEPAH və Bəsic başda olmaqla İranın aparacı silahlı qüvvələri məhz Müctəba Xameneinin əmrindədir. Eyni zamanda İranda dərman biznesi onun nəzarəti altındadır.

Müctəbanın İran hakimiyyəti ilə "Hizbullah" arasında "körpü" olduğu da bildirilir ki, ölkədən kənar əksər İran meyilli təşkilatlar da onun pulu ilə hərəkət edirlər. O, özünü "İslamın və İranın sərhədlərini qoruyan qətiyyətli lider" kimi göstərməklə ordunun və radikal islamçılar yanında hörmət qazanıb.

Müctəba Xameneinin ətrafı və onun təsirində olan güclər Azərbaycanın dünyəvi dövlət modelini və artan regional gücünü öz nüfuzlarına təhdid kimi görürlər.

Buna görə də 44 günlük müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi məsələsində İranın Ermənistanla olan sərhədin təhlükədə olacağı barədə onun nəzarətində olan mediada tez-tez yazılar verirlər və Azərbaycanın bir suveren dövlət olmasını tarixi  "səhv" kimi təqdim etməyə çalışırlar.

Onlar Gülüstan və Türkmənçay müqavilələrini gündəmə gətirirlər və onların xidmətində olan ekspertlər iddia edirlər ki, bu torpaqlar "əslində İrana məxsusdur".

Bu gün Azərbaycandan qaçıb İrana sığınan və ölkəmiz barədə böhtanlar yazan, danışan və uydurma Kərimə dövləti ideyasını ortaya atanlar məhz onun maliyyəsi və himayəsi altındadır.

Yeganə Həsənova, həkim:

- Bu günlərdə çox adam bir sual verir: "İranın Dubaya raket atmasının səbəbi təkcə Amerika bazasıdır?"

Məncə, məsələ bu qədər sadə deyil.

Regionda baş verənlər tək bir səbəblə izah olunmur. Burada böyük güclər arasında balans savaşı, siyasi mesajlar, iqtisadi təsir, psixoloji təzyiq və regional güc nümayişi kimi çox qatlı faktorlar var. Dubay sadəcə bir şəhər deyil - maliyyə, logistika və ticarət mərkəzidir. Burada yaranan hər gərginlik bütün regiona dalğa kimi yayılır.

Belə hadisələr çox vaxt "tam müharibə" məqsədi daşımır. Daha çox mesaj xarakteri daşıyır:

"Biz buradayıq. Bizi nəzərə alın". Amma bir həqiqət də var:

Müharibənin yükünü qərar verənlər yox, adi insanlar daşıyır. İşinə gedən, ailəsini qorumağa çalışan, biznesini ayaqda saxlamağa çalışan insanlar.

Ümid edirəm ki, bu gərginlik diplomatik yollarla həll olunar və region yenidən sabitliyə qayıdar. Çünki sabitlik hamının xeyrinədir.

Mehriban Vəzir, yazıçı-publisist:

- 40 gün ağlayacaqlar...

Sinə döyəcəklər...

Ağladıqca rahatlayacaqlar...

Əldən, dildən düşüb daha 50 il uyuyacaqlar...

İranlılar, özəl olaraq İran kişiləri qədər gözü sulu qövmə rast gəlməmişəm. Nöhə deyən, mərsiyə söyləyən, yaxasına, başına döyən və bunu fəxrlə nümayiş etdirən yalnız İran kişiləridir.

Bizimkilər, adətən, ağlamaz...

"Kişi ağlamaz" deyən bir şüur daşıyıcılarıyıq. Göz yaşlarını gizləyən toplumuq. Xalqımızın bu kosmik şüuru ilə bağlı çox deyim var: "Arvad kimi gözünün suyunu sıxma" və s.

Dünya müsəlmanları arasında ağlamaq sevdası olan yalnız İran şiələridir.

Buna qiymət vermək fikrində deyiləm.

Sadəcə, bu toplumsal ehtiyacı təhlil edən, səbəbləri araşdıran bir psixoanaliz olsaydı, oxuyardım.

Azərbaycan son illər böyük faciələr yaşadı. O faciəni yaşayan kişilərin üzünü xatırlayın...

Ağrı var, əzab var, gözyaşı yoxdu.

Aramızda bir Araz var, bu tayın erkəklərinin gözdən gizləmək istədiyini o taydakı gözə soxmağa çalışır. Təbii ki bunun ictimai-sosial və ya tarixi səbəbləri var.

Məncə, ciddi bir araşdırma mövzusudur.

Xalqımızın daha bir deyimi var, nənəm rəhmətlik deyərdi:

GÖZƏL AĞLA GÖZƏL GÜL

Gözəllik çərçivəsi həm də hədlər, hüdudlar, görüntülərdir, ədəbdir, bütün hallarda təmkinli, mətin olmaqdır.

Nə isə...

Mövzunu verdik, AMEA işləsin.

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Bəzi məsələlərdə nə qədər tənqid etsək də, bəyənməsək də, Azərbaycan cəmiyyəti türklərdən qat-qat aydın, dünyagörüşlü, intellektualdır.

Türkiyə kanallarına, mediasına, səhifələrə və yazılan şərhlərə baxın. Adamlar orta əsrlərdə qalıblar, cəmiyyət cahil, dindar, bataqlığın dibində. Televiziyalarda xəbər, siyasət, müharibə şərhçiləri isə konkret qalstuklu mollalar.

İrandakı savaşla bağılı qətiyyən Türkiyə kanallarına baxmayın.

Azərbaycan kanalları İTV, AzTV, Real TV, ARB 24-də edilən müzakirələrin yanında vallah, Türkiyə kanallarında edilən müzakirələr çayxana səviyyəsindədir.

Yekə-yekə kişilər, baxırsan filan Unversitet professoru, amma danışanda konkret qalstuklu mollalar. 

Sosial şəbəkələrə öz xalqıma baxıram həqiqətən görürsən ki, bizdə beyinlər təmizdi, aydındır, insanlar ağ ilə qaranı görməyi bacarır.

Misalçün, Türkiyədə 10 insandan 9-u cahildirsə, bizdə 10 insandan 3-ü cahildir.

Rahil Kərimov, jurnalist:

- Mən Xameneyinin daha yaxşı qorunduğunu düşünürdüm.

Onun görüşünə ən yaxın adamlarını belə gözübağlı aparırdılar.

Danışıqlar İran elitasını arxayınlaşdırmaq məqsədi daşıyırmış.

Görünür, ali dini lider danışıqların getdiyi bir vaxtda hücumun olmayacağından arxayın olub, bunkerdən yerin üstünə çıxıb və bu kəşfiyyat məlumatı İsrailə çatıb. 

37 il ölkənin bir nömrəli şəxsi olasan, amma öləndə küçələrdə toy-bayram edələr.

Bu, bir liderin ölümündən daha böyük faciədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr