AZ

Dünya bazarında xam neftin qiyməti 100 dollar səviyyəsini keçə bilər - Ekspert

Rusya–Ukrayna müharibəsində olduğu kimi, ABŞ/İsrail–İran silahlı qarşıdurmasında da enerji (neft, təbii qaz, elektrik enerjisi) eyni vaxtda həm strateji məqsəd, həm taktiki vasitə, həm də operativ hədəf funksiyasını daşıyır.

Bunu "Unikal"a açıqlamasında Ankara Yıldırım Beyazit Universitetinin Beynəlxalq İqtisadi İnteqrasiya kafedrasının əməkdaşı, iqtisadçı-ekspert Kənan Aslanlı bildirib.

Ekspert qeyd edib ki, neft və qaz boru kəmərləri, hidrokarbon yataqları, neft-qaz terminalları, limanlar, tanker gəmiləri, elektrik stansiyaları və bölgədəki digər kritik enerji infrastrukturu obyektləri potensial hədəflər sırasına daxildir. Bununla belə, hadisələrin zahirdə xaotik görünməsinə baxmayaraq, qarşıdurmanın tərəfləri bir-birinin mümkün reaksiyalarını nəzərə alaraq hələ də müəyyən bir məntiq və ya “alqoritm” çərçivəsində hərəkət etməyə meyllidir.
“Başqa sözlə, faktiki olaraq zərbə endirilən enerji və infrastruktur obyektləri ilə yanaşı, qarşı tərəfin yeni müəyyən edilən “qırmızı xətləri” keçəcəyi təqdirdə hədəfə alına biləcək, təzyiq və çəkindirmə vasitəsi kimi istifadə ediləcək çoxsaylı enerji infrastrukturu obyektlər də mövcuddur. Məsələn, İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi Kharg adasında olan neft infrastrukturu və ya BƏƏ-nin Hörmüz boğazından yan keçən Füceyrə limanındakı neft infrastrukturu nümunə olaraq göstərilə bilər. Hörmüz boğazının qapadılmasına paralel olaraq bölgədəki kritik enerji infrastrukturuna zərbələrin yeni dalğası başlasa dünya bazarında xam neftin qiyməti 100 dollar/barrel kritik səviyyəsini keçə bilər. Bu durum isə bir tərəfdən digər regionlardakı neft-qaz ixracatçıları üçün əlavə gəlir anlamına gəlsə də, digər tərəfdən yüksək inflyasiya faktoru kimi dünya iqtisadiyyatına neqativ təsir göstərəcək”, – deyə Kənan Aslanlı əlavə edib.

Seymur Əli

Seçilən
11
unikal.az

1Mənbələr