AZ

Yaxın Şərq müharibəsi fonunda kömürün qiyməti kəskin artıb » AzadMedia.az

Yaxın


Yaxın Şərqdə davam edən müharibə nəticəsində neft və qaz tədarükündə yaranan problemlər dünya enerji bazarında ciddi dəyişikliklərə səbəb olub. Bu vəziyyət fonunda kömürün qiyməti son iki ildən artıq müddətdə ən yüksək səviyyəyə qalxıb. Bu barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, qazın qiymətinin sürətlə bahalaşması səbəbindən adətən mavi yanacaqdan istifadə edən enerji şirkətləri alternativ mənbə kimi yenidən kömür elektrik stansiyalarına üz tutmağa başlayıblar. Xüsusilə Yaponiya, Cənubi Koreya, Tayvan və Avropa İttifaqı ölkələrində kömürə tələbatın artdığı bildirilir.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piçetto Fratin bildirib ki, Yaxın Şərqdəki müharibə səbəbindən enerji böhranı daha da dərinləşərsə, ölkə fəaliyyəti dayandırılmış bəzi kömür elektrik stansiyalarının yenidən işə salınması imkanını nəzərdən keçirə bilər.

Argus analitik şirkətinin məlumatlarına görə, Avropada elektrik stansiyalarında istifadə olunan enerji kömürünün qiyməti müharibə başlayandan bəri 26% artaraq ton üçün 133 dollara yüksəlib. Oxşar qiymət artımı Avstraliya və Asiya bazarlarında da müşahidə olunur.

Ekspertlər hesab edir ki, enerji daşıyıcılarının tədarükündəki qeyri-müəyyənlik davam edərsə, kömürə olan tələbat və qiymətlər yaxın dövrdə daha da arta bilər.

Seçilən
19
azadmedia.az

1Mənbələr