ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Onlar sosial, iqtisadi, mədəni və siyasi sahələrdə fəal iştirak edərək ölkənin inkişafına mühüm töhfə verirlər. Enerjili, yeniliyə açıq və təşəbbüskar olmaları gəncləri cəmiyyətin aparıcı təbəqəsinə çevirir. Müasir dövrdə bilik və innovasiya əsas inkişaf amilləridir. Gənclər yeni texnologiyaları tez mənimsəyərək startaplar yaradır, elmi araşdırmalar aparır və innovativ ideyalar irəli sürürlər. Onların yaradıcılığı və təşəbbüskarlığı iqtisadiyyatın şaxələndirilməsinə və rəqabət qabiliyyətinin artmasına kömək edir. Gənclər milli-mənəvi dəyərlərin qorunması və təbliğində də mühüm rol oynayırlar. Onlar mədəni tədbirlərdə, festivallarda və sosial kampaniyalarda iştirak edərək həm milli kimliyi qoruyur, həm də müasir dünyaya inteqrasiyanı təmin edirlər. Bu baxımdan gənclər ənənə ilə müasirliyi birləşdirən körpü rolunu oynayırlar. Gənclərin ictimai-siyasi proseslərdə iştirakı demokratik cəmiyyətin inkişafı üçün vacibdir. Onların seçkilərdə iştirak etməsi, debatlarda və ictimai müzakirələrdə fəallıq göstərməsi vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir. Bu fəallıq gələcək liderlərin formalaşmasına zəmin yaradır.
Gənclər cəmiyyətin yeniliyə və inkişafa meyl edən qüvvəsidir. Onların bilik, bacarıq və enerjisi düzgün istiqamətləndirildikdə ölkənin davamlı inkişafına güclü təkan verir. Buna görə də gənclərin təhsili, məşğulluğu və ictimai fəallığının dəstəklənməsi hər bir cəmiyyət üçün prioritet məsələ olmalıdır.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, gənclər cəmiyyətin ən fəal və təşəbbüskar qismini təşkil edir. Gənclik mənsub olduğu xalqın müasir simasını əks etdirməklə yanaşı, onun perspektiv inkişaf potensialının formalaşdırılmasında da mühüm rol oynayır. Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri XX əsrin sonlarında dövlət müstəqilliyinin, ərazi bütövlüyünün bərpa edilməsi, ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə qarşı mübarizənin ön sıralarında olublar. Təsadüfi deyil ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar ölkənin ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdiriblər. Bu gün Azərbaycanda köklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılması və onların dövlət quruculuğunun inkişafında irəli çəkilməsi bir daha sübut edir ki, gəncliyə diqqət daha artıbdır: "Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, həmçinin hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı vəzifələr gənclərimizin milli maraqlar əsasında səfərbər olunmasını, eyni zamanda, onların harmonik inkişafını təmin etməyə imkan verən dövlət siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini meydana gətirib. Gənclik cəmiyyətin ən dinamik, yeniliyə və inkişafa açıq olan, daim irəliyə can atan, həssas və qayğıya ehtiyacı olan təbəqədir. Ona görə də dövlət tərəfindən hər zaman bu təbəqəyə xüsusi diqqət yetirilir, onların problemlərinin həlli ümdə vəzifə sayılır".
Millət vəkili Tahir Mirkişili bildirir ki, Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin əsas təminatçısı, milli inkişafın əsas insan kapitalı kimi qiymətləndirirdi. Ulu öndərin gənclər siyasəti təkcə sosial yanaşma deyil, eyni zamanda, iqtisadi inkişaf, dövlət təhlükəsizliyi və milli ideologiya ilə sıx bağlı strateji xətt idi: "1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə bağlı dövlət siyasətinin institusional əsaslarını formalaşdırdı. Azərbaycan gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərin "Qızıl kitab"a daxil edilməsi, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri gənclərin intellektual və peşəkar potensialının inkişafına yönəldi. Bu siyasət gənclərin vətənpərvər ruhda formalaşması ilə yanaşı, onların müasir iqtisadi münasibətlər sistemində fəal iştirakına zəmin yaratdı. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı gəncləri ölkənin innovativ inkişafının və iqtisadi dayanıqlılığının əsas aparıcı qüvvəsi kimi qiymətləndirir. "Yüksəliş" müsabiqəsi gənc kadrların irəli çəkilməsi siyasətinin uğurlu nümunəsinə çevrilib, Gənclərin İnkişaf və Karyera Mərkəzi isə gənclərin peşəkar bacarıqlarının artırılmasında mühüm rol oynayıb. Könüllülər hərəkatı gənclərdə sosial məsuliyyət və vətəndaş mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi rəqəmsal texnologiyalar, startap ekosistemi, innovativ sahibkarlıq və İKT sahəsində mühüm uğurlar əldə edir. Gənclərin xaricdə təhsil proqramları, 2026-2027-ci tədris ili üzrə təsdiqlənmiş universitet və ixtisas siyahıları bilikəsaslı iqtisadiyyatın formalaşmasına yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir".
Tahir Mirkişili qeyd edib ki, Azərbaycan gəncliyinin formalaşmasında vətənpərvərlik əsas ideoloji xətt kimi qalmaqdadır: "44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında vuruşan gənclər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar həm döyüş meydanında, həm də informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdilər. Bu gün Vətən müharibəsində iştirak etmiş hər bir gənc Azərbaycan xalqının qürur mənbəyidir və onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir".
Millət vəkili əlavə edib ki, Azərbaycanın idman ölkəsi kimi tanınması gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Bakıda keçirilmiş Birinci Avropa Oyunları, "Bakı Eurovision-2012", Avropa Gənclər Paytaxtı layihələri gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini gücləndirib. Azərbaycan idmançılarının beynəlxalq arenadakı uğurları dövlət başçısının gənclərə göstərdiyi diqqətin real nəticəsidir. Bu gün Azərbaycan gəncliyi ölkənin iqtisadi inkişafının, innovativ potensialının və milli təhlükəsizliyinin əsas aparıcı qüvvəsidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilən dövlət gənclər siyasəti müasir, bilikli, texnoloji savadlı və vətənpərvər gənclik formalaşdırıb.
Millət vəkili Mehriban Vəliyeva deyib ki, Ulu öndər Heydər Əliyev hələ 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində gənclər siyasətini dövlətin prioritet istiqaməti kimi müəyyənləşdirdi: "1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə institusional əsasların formalaşdırılmasına xidmət etdi. Müxtəlif dövlət qurumlarının gənclərlə iş sahəsində fəaliyyətinin əlaqələndirilməsi, vahid siyasətin həyata keçirilməsi təmin olundu. Azərbaycan gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərin "Qızıl kitab"a salınması, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri, vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi Ümummilli liderin gənclərə baxışının əsas istiqamətlərini təşkil edirdi. 1996-2002-ci illər ərzində keçirilən forumlarda, görüşlərdə və çıxışlarda Ulu öndər Heydər Əliyev gəncləri milli dövlətçiliyin daşıyıcısı kimi formalaşdırmağın vacibliyini xüsusi vurğulayırdı. Bu gün Azərbaycan gəncliyinin əldə etdiyi uğurlar Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsinin nəticəsidir".
M.Vəliyevanın dediyinə görə, Prezident gəncləri ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aparıcı qüvvə kimi qiymətləndirir: "2007-ci ilin "Gənclər ili" elan olunması, ölkə üzrə "Gənclər evləri"nin yaradılması, 2011-ci ildə Prezident yanında Gənclər Fondunun təsis edilməsi gənclərin sosial fəallığının, təşəbbüskarlığının və yaradıcılıq potensialının dəstəklənməsinə yönəlmiş mühüm addımlar oldu. Prezident İlham Əliyevin gənclər siyasətində vətənpərvərlik xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında döyüşən minlərlə gənc öz qəhrəmanlığı ilə bu siyasətin real nəticəsini sübut etdi. Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, informasiya müharibəsinin ön cəbhəsində də ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi. Bu gün hər bir Vətən müharibəsi iştirakçısı olan gənc xalqımızın qürur mənbəyidir və onların fədakarlığı Azərbaycan tarixinin ən parlaq səhifələrinə çevrilib".
Sevinc QARAYEVA
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.