AZ

Məzunlar niyə iş yeri yarada bilmir? - Ekspert səbəbləri AÇIQLADI

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir: "Əsas məqsəd gələcəkdə uğurlu və təşəbbüskar iş adamları yetişdirməkdir. Hədəfimiz məzunun yalnız diplom alan şəxs olması deyil, eyni zamanda öz işini qura bilən, rəhbərlik bacarığı olan bir lider kimi formalaşmasıdır".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, məsələyə akademik prizmadan yanaşdıqda ali təhsilin ənənəvi bilik ötürücüsü rolundan çıxaraq sahibkar universitet modelinə keçidinin müşahidə olunduğunu görmək olur:

"Mən də istərdim ki, beynəlxalq təcrübə və elmi tədqiqatlar baxımından bu məsələyə münasibət bildirim. Tələbənin rəhbər və ya iş yeri açan şəxs kimi yetişməsi sadəcə fərdi keyfiyyət deyil, institusional hədəfdir. Yəni beynəlxalq praktikada uğurlu ali təhsil sistemləri universitet–sənaye–dövlət əməkdaşlığına söykənir. Bu modeldə universitet sadəcə kadr hazırlamır, həm də iqtisadi inkişafın mərkəzi agentinə çevrilir. Tələbə və müəllimlərin elmi işləri patentləşdirilir və real biznes layihələrinə çevrilir. Deməli, tələbə müəllimlə bərabər startaplar yaradır və yeni innovasiyalar reallaşdırır.

Beynəlxalq təcrübəyə nəzər salmaq hesab edirəm ki, faydalıdır. Təbii ki, toxunduğum universitetlər və gətirdiyim nümunələr artıq oturuşmuş universitetlərin yanaşmalarıdır. Amma düşünürəm ki, Azərbaycanda da biz ağıllı universitet modellərini qurmalıyıq. Məsələn, Stenford və Massaçusets Texnologiya kimi universitet nümunələrində universitet daxilindəki biznes inkubatorları tələbəyə ideyadan şirkət qurmağa qədər bütün mərhələlərdə dəstək verir. Siz təsəvvür edin ki, müasir universitetlərin biznes inkubasiya mərkəzləri var və tələbə universitetdən çıxarkən təkcə öz ixtisası üzrə biliklərlə yox, həmin biliklərə əlavə olaraq müxtəlif praktiki biliklərlə çıxır. Burada tələbəyə fərqli sahələr üzrə biliklər verilir və bu biliklər növbəti mərhələdə tələbənin iş quran, iş yeri yaradan şəxs kimi cəmiyyətə təqdim olunmasına şərait yaradır.

Tutaq ki, universitet ixtisas üzrə nəzəri biliklər verir, eyni zamanda tələbəyə vergi, hüquq və maliyyə idarəçiliyi kimi praktiki sahələrdə də biliklər təqdim edir. Yəni burada bir ekosistem mövcuddur. Universitet daxilində inkubasiya mərkəzləri və startap laboratoriyaları yoxdursa, təsəvvür edin ki, tələbə qeyd etdiyim bu bilikləri haradan əldə edə bilər? Eyni zamanda tələbəyə psixoloji hazırlıq da keçirilir. Uğursuzluq ehtimalı baxımından riski qarşılamaq və məsuliyyəti üzərinə götürmək bacarığı formalaşdırılır. Yəni “elə-belə beynimə gəldi deyə bunu sabah tətbiq edim” yanaşması deyil, bunun məsuliyyətini də daşımaq lazımdır. Qeyd etdiyim kimi, tələbəyə ixtisas bilikləri ilə yanaşı kifayət qədər əlavə biliklər paket halında təqdim olunur".

Müsahibimizin sözlərinə görə, akademik tədqiqatlar göstərir ki, mühazirə otağında sahibkarlığı öyrətmək effektiv deyil:

"Mən bir müddət əvvəl universitetlərin ənənəvi mühazirə formatlarının artıq müasir dünyada və yeni universitet quruculuğunda arxivə göndərilməli olduğu ilə bağlı fikrimi bildirmişdim. Təbii ki, mühazirə otağında sahibkarlıq öyrətmək effektiv deyil. Bu sahədə dünyada artıq bir neçə fərqli üsul tətbiq olunur. Məsələn, tələbələr real bazar problemlərini həll edərək komanda idarəetməsi və resurs bölüşdürülməsi kimi rəhbərlik bacarıqlarını sınaqdan keçirməlidirlər. Eyni zamanda, tələbələrə nəzəriyyəçilər deyil, real biznes təcrübəsi olan mentorlar rəhbərlik edir. Mentor dəstəyi alan tələbə startaplarının ömrü daha uzun olur. Yəni bir tərəfdən nəzəri biliklər verilir, digər tərəfdən isə praktiki təcrübəyə malik şəxslər tələbə startaplarının formalaşmasına mentor dəstəyi göstərirlər. Akademik ədəbiyyatda vurğulanır ki, universitetin məqsədi hər kəsi müdir etmək deyil, hər kəsə sahibkar təfəkkürü aşılamaqdır. Siz təsəvvür edin ki, universitet məzununa sahibkar təfəkkürü aşılananda məzun hansı imkanları əldə edir. İlk növbədə məzun problemi imkan kimi görür. Tutaq ki, hər hansı sahədə problem var, o bunu imkan kimi dərk edir və bu şəkildə yanaşır. Qeyri-müəyyənlik şəraitində çevik və alternativ qərarlar qəbul edə bilir. Bunun nəticəsində məzun məsuliyyəti üzərinə götürərək resursları effektiv idarə edə bilir".

İlqar Orucov qeyd etdi ki, tədqiqatlara görə ənənəvi universitetlərin məzunları iş yeri yaratmaq qabiliyyətində olmurlar:

"Çünki sistem onları təhlükəsiz və tabeçilik ruhunda yetişdirib. Onlar məsuliyyəti üzərinə götürmək istəmirlər. Açığını desəm, bizim ənənəvi universitet məzunları da əsasən bu modelin məhsuludur. Lakin üçüncü nəsil universitetlər kimi qeyd olunan ali təhsil müəssisələrinin məzunları artıq hazır biznes planı və ya fəaliyyət göstərən startap ilə yola salınır. Nəticə olaraq belə bir mənzərə ortaya çıxır: ali təhsil müəssisəsi, universitet, institut, ali məktəb və ya akademiya adlanmasından asılı olmayaraq tələbəni rəhbər kimi yetişdirmək üçün tədris proqramını bazarla sinxronlaşdırmalıdır. Tələbəyə səhv etmək üçün təhlükəsiz mühit təqdim edilməlidir. Bu mühit isə inkubatorlar və startap laboratoriyalarıdır. Təəssüf ki, bizim universitetlərdə bunların demək olar ki, heç biri yoxdur. Yalnız bəzi universitetlərdə müəyyən epizodik təşəbbüslər müşahidə olunur. Təəssüf ki, vəziyyət hələ də belədir".

Nuriyyə NATİQQIZI

Seçilən
39
1
redaktor.az

2Mənbələr