"Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvana hücumu ilə bağlı verdiyi sərt və prinsipial reaksiya, əslində dövlətlərin suverenliyi və mülki əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinə söykənir".
Bu barədə Redaktor.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz İranın Naxçıvana PUA hücumundan və Türkiyənin Azərbaycanın yanında olmasından danışarkən bildirdi.
"Naxçıvanda mülki hədəflərə qarşı həyata keçirilən hücumun açıq şəkildə pislənməsi və məsul şəxslərin cəzalandırılmasının tələb olunması, Azərbaycanın həm daxili təhlükəsizlik baxımından qətiyyətini, həm də regional sabitlik məsələsində prinsipial mövqeyini göstərir. Bu cür mövqe eyni zamanda bölgədə mümkün eskalasiyanın qarşısını almaq üçün aydın siyasi mesaj xarakteri daşıyır. Digər tərəfdən, Azərbaycana qardaş ölkə olan Türkiyənin verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Ankara ilə Bakı arasında formalaşmış strateji müttəfiqliyin və “iki dövlət, bir millət” prinsipinin real siyasi və təhlükəsizlik müstəvisində də qüvvədə olduğunu göstərir", - deyə o vurğuladı.
Generalın fikrincə, Türkiyənin bu mövqeyi təkcə siyasi dəstək deyil, eyni zamanda regionda sabitliyin qorunmasına yönəlmiş güclü bir strateji mesajdır:
"Ümumilikdə, həm Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, həm də Türkiyənin açıq dəstəyi Cənubi Qafqazda təhlükəsizlik balansının qorunması baxımından mühüm rol oynayır. Bu birlik və koordinasiya, potensial təhdidlərə qarşı mühüm bir çəkindirici amil kimi çıxış edir və bölgədə sülhün qorunmasına xidmət edən əsas faktorlar sırasında qiymətləndirilə bilər".
Xədicə BAXIŞLI