525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Telman ORUCOV
(Əvvəli ötən cümə sayımızda)
Tarixçilərin bir çoxu mübahisə edir ki, Aleksandr kainat bəşəriyyəti idealına inanırdı. Şəhadət kimi onu irəli sürürdülər ki, öz əsgərlərini məcbur etmişdi ki, yerli qızlarla evlənsinlər və b.e.ə. 324-cü ildə Suzada özünün on min döyüşçüsünün yerli qadınlarla kütləvi nikahını bayram etdi. Aleksandr özü də Daranın böyük qızı Statiraya evləndi, əvvəllər isə Baktriya torpaq sahibinin qızı Roksananı almışdı. Daranın kiçik qızını isə dostu Hefestionla evləndirdi.
Belə bir sual meydana çıxır ki, Aleksandr yüksək idealını həyata keçirməyəmi çalışırdı, yoxsa buna sadəcə özünün yeni torpaqlarını birləşdirməyin real yolu kimi baxırdı? İşğallarının erkən dövrlərində o, Persiya hökmdarlarının bəzi xüsusiyyətlərini qəbul edərək, davranışında tətbiq edirdi. O, özünü Böyük Çar adlandırırdı və öz təbəələrindən tələb edirdi ki, onun qarşısında Persiya dəbində təzim etsinlər. Makedoniyalı sərkərdə perslərin paltarını geyinirdi, Persiya inzibatçılığından istifadə edirdi. Pers gənclərini Makedoniya hərbi metodlarında məşq etdirirdi. Misirin inzibati idarəçiliyinin bir hissəsini, etimad göstərərək yerli adamlara həvalə etmişdi.
Lakin makedoniyalılar onun tələb etdikləri ilə razılaşmayıb, hətta ona sui-qəsd təşkil etmək istəyirdilər. Əlbəttə, Aleksandr öz həmvətənlərini, yunanları və persiyalıları idarə edən bir sinif kimi qarışdırmağa ehtiyac hiss edirdi və bu üsul, heç şübhəsiz, ona belə geniş imperiyaya səmərəli nəzarət etməyə imkan verəcəkdi.
Aleksandrın Qərbi Şərqlə birləşdirmək ideyası
Əlbəttə, Böyük Aleksandrın Qərblə Şərqi birləşdirmək ideyası yəqin ki, perspektivli və bəşəriyyət üçün olduqca xeyirxah bir iş kimi görünə bilərdi. Lakin bu böyük vəzifəni xırda, o qədər də əhəmiyyəti olmayan tədbirlərlə deyil, geniş miqyasda həyata keçirilməsi heç də asan məsələ deyildi. Az sonra ideyanın reallaşdırılması, digər nəcib arzular kimi Letanın mənsubluğuna verilməklə, tamamilə yaddan çıxdı. Lakin bir ideya kimi Qərblə Şərqi birləşdirmək, o vaxtkı dünyanı vahid varlığa çevirmək olduqca böyük və nəcib bir iş idi və onun həyata keçirilməsi, ziddiyyətlərin və münaqişələrin yoxa çıxması hesabına, bəşəriyyətə olduqca böyük fayda verərdi. İdeya olduqca heyrətamiz və cazibədar görünsə də, təxəyyüldə yarandığından, həqiqi reallıqda isə uzağa gedə bilmədiyindən, adi bir illüziyaya çevrilməyə məhkum oldu.
Lakin Böyük Aleksandrın rüşeym halında olan bu ideyasını da inqilabi bir hadisə, ciddi transformasiya kimi qiymətləndirmək olar. Axı o, özü də yaxşı bilirdi ki, Qərblə Şərqi çox sayda amillər bir-birindən ayırır. Afinada yaranan siyasi yeniliyin - demokratiyanın mehi də Persiyaya gəlib çıxmamışdı, bu Şərq ölkəsi ciddi dayaqlara malik olan bir monarxiya olmaqla, onun idarə edilməsinə, bütövlükdə xalq və yaxud onun nümayəndələri yaxın düşə bilməzdi. Persiya imperiyası xalqların mənəvi cəhətdən istismarına arxalanırdı, dövlətin siyasi, iqtisadi və sosial həyatı yalnız çarın nəhayətsiz səlahiyyətlərinə tabelikdə idi. Əgər iki bir-birinə bənzəməyən dövlət nəcib məqsədlər naminə birləşsəydi, onda Persiya öz tarixindən üz döndərib, yeni idarəetmə yoluna keçməli, mütləq monarxiya bu birləşmə naminə öz hüquqlarını kiməsə, yalnız kütlə saydığı xalqa təslim etməli idi. Persiyalılar bu dəyişikliyə nəinki inanmazdılar, hətta onu rədd etməyə çalışardılar. Hərbi qələbə, onların makedoniyalı sərkərdəyə tabe olmasına səbəb olmuşdu. Lakin Afinanın icadı olan, öz bəzi elementlərini ilk respublika kimi tətbiq edildiyi Qədim Romada və XVIII əsrdə yaranan ABŞ adlı yeni dövlətdə bütünlüklə bərpa edilən siyasi quruluşu, bu Şərq xalqı, nağıllarda təsvir olunan div kimi özünə yaxın buraxmazdı.
Əgər Aleksandr həyatdan olduqca cavan yaşında getməsəydi, öz məqsədlərini həyata keçirməkdə böyük iradəyə və cəsarətə malik olan bu adam bəlkə də ideyasını reallaşdırmaq üçün daha böyük tədbirlərə əl atardı. Axı onun iradəsinə qarşı, tək bir Hindistanda ordunun qiyamı istisna olmaqla, çıxan olmamışdı və o, özünə müxalifəti dəhşətli qaydalara əl atmaqla da sakitləşdirə bilirdi. Dostu və vaxtında onu Qranikdə ölümdən xilas etmiş Kliti, ellinlərə məxsus qaydada onun davranışını tənqid etdiyinə görə amansız qaydada öldürmüşdü. Şübhələndiyi Parmenionu, bu adam onun atasının sərkərdə silahdaşı olmuşdu və onun oğlu Filotanı da məhv etmək göstərişini vermişdi. Deməli, Alekasandr öz iradəsini həyata keçirməkdə heç bir müqavimətə yol verə bilməzdi, buna müvafiq olaraq ən dəhşətli tədbirlərdən də çəkinməzdi.
İdeyası isə nəcib məqsəddən xəbər verdiyinə görə, Qərblə Şərqi birləşdirmək kimi böyük və mürəkkəb vəzifəni nəzərdə tutsa da, ən azı qalib ordu ilə tabe edilmiş xalq arasında daha insani münasibətlərin yaranmasına və inkişafına yol açırdı. O, qeyri-adi bir inqilabçı kimi, nə az, nə çox, dünyanı vahid varlığa çevirməyi arzulayırdı və kiçik nişanələri ilə belə ona can atırdı. Bu ideya olduqca xeyirxah bir perspektivə xidmət etməli idi. Qərblə Şərq birləşsə, müharibələrin kökü kəsiləcəkdi, daxildə başlanan toqquşmalar şəklindəki problemlər isə ümumi səyin nəticəsində qısa müddətdə həll edilərdi, qarşıdurmadan fərqli olaraq onları yoluna qoymaq da o qədər də çətin olmazdı. Lakin belə perspektivə də bütünlüklə inanmaq mümkün deyildir. Axı Aleksandr və atası II Filip Yunanıstanı öz tabeliyinə salmaq üçün xeyli silahlı münaqişələr aparmışdılar, hətta qohum və yaxın olan xalqları bir dövlətdə birləşdirmək də qan axıdılması hesabına başa gəlmişdi.
Lakin Aleksandrın Qərblə Şərqi birləşdirmək ideyası, Yunanıstanı vahid dövlətə çevirmək cəhdi ilə müqayisədə olduqca böyük miqyaslı və əslində nəhəng bir iş idi. Onun baş tutması nə qədər çətin olsa da, həyata keçsəydi, dünya, bütövlükdə bəşəriyyət ondan çox qazanardı. Müharibələrdə bütöv nəsillərin, xüsusən cavan insanların döyüşlərdə həlak olması hesabına məhvinə yol verilməzdi.
Əgər bir qədər konkretliyə getsəydik, nə Səlib yürüşləri baş verərdi, nə Avropa Şərq ölkələrini, amerikaları və Afrikanı öz müstəmləkəsinə çevirə bilməzdi. Vahid və bir mərkəzdən idarə olunan dünyada Napoleonun və Hitlerin də meydana gəlməsinə ehtiyac yaranmazdı.
Aleksandrın işğal iştahı atasından da böyük idi, öz niyyətində daha uzağa gedərək, Persiya imperiyasını tutması ilə kifayətlənməyərək, Mərkəzi Asiyaya, Baktriyaya keçmiş, Hindistanın şimalını işğal etmişdi. Atasından fərqli olaraq, o, öz imperiyasını bütün o vaxtkı dünyaya yaymaq istəyirdi və buradan da onun dünya imperiyası arzusu meydana gəlmişdi. Ölənə yaxın da, o, heç də öz məqsədlərindən geri çəkilmək istəmirdi. Misirdən qərbə doğru irəliləyərək, bütün Şimali Afrikanı tutmağı planlaşdırırdı. Lakin b.e.ə. 323-cü ildə onun 32 yaşında ölümü, sonrakı niyyətlərinin üstündən qara xətt çəkdi və ölümündən sonra onun imperiyası, özünü diadoxlar adlandıran sərkərdələrin başçılığı ilə dörd hissəyə, müstəqil dövlətlərə parçalandı.
Onlar ellinist dövlətlər yaratdılar. Dörd dövlətdən biri olan Selevkid sülaləsinin ellinist monarxiyası Qərbdə indiki Türkiyədən, Şərqdə Hindistana qədər köhnə Persiya imperiyasının ərazisinin əksər hissəsinə nəzarət edirdi. Lakin Şərqdə bu nəzarəti saxlamaq çətin idi.
Hindistandakı Maurya imperiyasının yaradıcısı Maurya (b.e.ə. 324-301-ci illər) Selevkid qüvvələrini həmin ərazilərdən qovdu. Onun nəvəsi Aşoka (b.e.ə. 269-232-ci illər) daha məşhur imperator olmaqla Hindistanın əksər ərazilərini imperiyaya daxil etdi. O, buddizmə loyal münasibət bəslədiyinə görə, imperiyasının ərazilərində qalan yunan icmalarını da bu dinə keçirdi.
Misir çarı Ptolomey isə b.e.ə. 305-ci ildə özünü faraon elan etdi və bu ad altında sülalə yaratdı. Misirdə VII Kleopatra b.e.ə. 30-cu ildə özünü intihar edənə və ölkə Romanın tabeliyinə keçənə qədər sülalənin hakimiyyəti davam etmişdi.
Aleksandr dünya şöhrətli sərkərdə olsa da, birinci növbədə işğalçı idi və onu Asiyaya hökmranlıq etmək çox maraqlandırırdı. Hətta Qordi düyünü əfsanəsi də onun bu arzusunu möhkəmləndirməyə xidmət etmişdi. Aleksandr Hindistandan geri dönməsə, öz planlarını hökmən yerinə yetirəcəkdi, axı hökmən qələbə çalmasına o, heç vaxt sübhə etməmişdi.
Əgər o, istədiklərinə nail olsaydı, yəqin ki, ilk kainat, dünya imperiyası yaradacaqdı. Onun üstün cəhəti işğal etdiyi əhaliyə, xalqlara barbar kimi baxmaması idi. O, yerli xalqları öyrənməyə, onlara bələd olmağa can atırdı və bu üsuldan istifadə etməklə onları idarə etməyə çalışırdı. Bəzi xalqlar da onu sevinclə qarşılayırdılar. Misirlilər Persiya işğalçılarına nifrət etdiklərindən, Aleksandra müqavimət göstərməmiş, onu gülər üzlə qarşılamışdılar.
Aleksandr şərqlilərin dini inanclarına da hörmətlə yanaşırdı, bunun bariz ifadəsi kimi özünü "Amon oğlu" adlandırmışdı. İşğalçı yunanlar Persiya və Misirdə abad şəhərləri, arxitektura abidələrini gördükdə məəttəl qalmış və onlara heyran olmuşdular. Onlar burada daha hündür sütunlar, onların kapitellərini bəzəyən ağır heykəllər görmüşdülər. Persepolisin saraylarına təəccüb qalan döyüşçülər Misirin Luksorundakı, Abu Simbelindəki, Karnakındakı möhtəşəm arxitektura incilərini və heykəllərini görsəydilər, öz gözlərinə inanmazdılar, hətta Afina da onlarla müqayisədə yoxsul görünüş təsiri bağışlaya bilərdi.
Şərq qərblilərə, avropalılara sivilizasiya dərsi verə bilərdi
Şərq, bütövlükdə Persiya, Misir və Hindistan isə inkişafda daha irəli getmişdilər, ona görə də orada yaşayanlara barbar kimi baxmaq ağılsızlıq olardı. Axı qədim dünyanın möcüzələrindən biri və ən böyüyü olan piramidaları yaradan xalqı necə geridə qalmış adlandırmaq olardı, təkcə Xeops piramidasının tikintisi böyük mühəndislik istedadından və praktikasından xəbər verir. Beş min il əvvəl avropalıların xeyli hissəsi mağaralarda, komalarda yaşadığı halda, şumerlilər, misirlilər, persiyalılar, hindlilər olduqca gözəl şəhərlər tikmiş, inkişaf etmiş sivilizasiya yaratmışdılar.
Şərqlilər elmin inkişafında, texnologiya nailiyyətlərində heç də yunanlardan geri qalmırdılar. Şumerlilər yazıda ilk hərflərdən istifadə etmiş, finikiyalılar bütün səsləri ifadə edən hərflər sistemini, əlifbanı yaratmışdılar. Yunanlar onların bu yazısını bir qədər dəyişərək, özlərində tətbiq etmişdilər. Sonra bu yazı etrusklar vasitəsilə Romaya da ötürülmüşdü.
Tayfa quruluşunda yaşayan digər avropalılara isə yazı mədəniyyəti yad idi. Yuli Sezar öz qeydlərində Böyük Britaniya adalarında (İngiltərədə) yaşayan xalqları olduqca geridə qalmış adamlar kimi xarakterizə edir. Şumerlilər isə texniki inqilaba səbəb olan təkəri icad etmişdilər, suvarma kanalları şəbəkəsi yaratmaqla irriqasiyanı inkişaf etdirmişdilər. Təkər dulusçuluqdan start götürərək, nəqliyyatda istifadəsi ilə insanlara böyük fayda vermişdi. Hərbi arabalar döyüşün taleyini həll edən amilə çevirməklə, müasir dronları xatırladırdılar.
(Ardı var)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.