AZ

Avropa Komissiyası Gürcüstana qarşı ilk dəfə “gücləndirilmiş viza dayandırma mexanizmi”ni işə salıb

Tbilisi, 6 mart, AZƏRTAC

Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti bu gündən dayandırıb və onlardan rəsmi məqsədlər üçün Şengen zonasına daxil olarkən viza tələb olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuata açıqlamasında bildirilib.

Qeyd edilib ki, yeni gücləndirilmiş viza dayandırma mexanizmindən ilk dəfə istifadə olunur: “Vizaların dayandırılması mexanizmi Gürcüstanın demokratiyanın və fundamental hüquqların əsas sahələrində vizasız rejim çərçivəsində öhdəliklərini qəsdən və davamlı şəkildə pozmasına cavab olaraq işə salınıb”.

Mətbuat açıqlamasında bildirilib ki, Avropa Komissiyası bu gün, həmçinin üzv dövlətlərin konsulluq orqanları və sərhəd mühafizəçiləri üçün vizasız səyahətin dayandırılması qərarını effektiv şəkildə həyata keçirməyə kömək göstərmək üçün təlimatlar qəbul edib.

Diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün viza liberallaşdırılmasının müvəqqəti dayandırılması bu gündən qüvvəyə minəcək və 12 ay, yəni 6 mart 2027-ci ilə qədər davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
118
azertag.az

1Mənbələr