“Martın 5-də Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücum regionda yeni və təhlükəli mərhələnin başlandığını göstərən ciddi hadisədir. Naxçıvan Beynəlxalq Hava Limanının və mülki obyektlərin hədəfə alınması Azərbaycana qarşı yönəlmiş açıq təxribatdır. Hücum nəticəsində mülki şəxslərin xəsarət alması bu addımın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyi artırdığını göstərir”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, İranın son illərdə Azərbaycana qarşı apardığı informasiya və siyasi kampaniyalar göstərir ki, Tehran Azərbaycan faktorundan ciddi şəkildə narahatdır:
“Bu gün Azərbaycan geniş geosiyasi məkanlarda söz sahibidir. Enerji layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq tərəfdaşlıqlar ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib və bu reallıq İranda narahatlıq doğurur. Naxçıvanın hədəf seçilməsi də təsadüfi deyil. Azərbaycanın strateji baxımdan mühüm bölgəsi olan bu ərazi ölkənin əsas hissəsi ilə əsasən hava və logistika əlaqələri vasitəsilə bağlıdır. Məhz buna görə hava limanının hədəfə alınması strateji təzyiq göstərməyə və psixoloji təsir yaratmağa hesablanmış təxribat kimi qiymətləndirilməlidir.
Azərbaycan heç vaxt öz ərazisinin hansısa dövlətə qarşı istifadə olunmasına imkan verməyib və bu mövqeyini açıq şəkildə bəyan edib. Ölkəmiz hər zaman qonşuluq münasibətlərində qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalıb”.
Deputat hesab edir ki, regionda sabitlik yalnız məsuliyyətli siyasət və qarşılıqlı hörmət əsasında təmin oluna bilər:
“Təxribat yolu ilə siyasi nəticə əldə etmək mümkün deyil. Azərbaycan güclü siyasi iradəyə və kifayət qədər müdafiə imkanlarına malik dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun ən güclü və sabit dövlətlərindən birinə çevrilib. İranın bu yaramaz və riyakar davranışı göstərir ki, təxribatçılıq və terrorçuluq fars molla rejiminin qanına hopub. Azərbaycanın humanist mövqeyinə və qonşuluq münasibətlərinə baxmayaraq, belə namərd addımlar atan İran hətta ermənilərdən də betər erməni davranışı sərgilədiyini nümayiş etdirir. Lakin Tehran anlamalıdır ki, Azərbaycan güclü dövlətdir və ölkəmizə qarşı yönələn heç bir təxribat cavabsız qalmayacaq”.
Cavanşir ABBASLI
Musavat.com