AZ

Naxçıvana hücum xainlik və arxadan vurmaqdır -

“Azərbaycan və İran münasibətləri zaman-zaman ciddi problemlər yaşayıb. Bu siyasi və digər prosesləri izləyib səbəblərini araşdıranda isə aydın görünür ki, gərginliyin əsas mənbəyi İran tərəfi olub. İndiyədək iki ölkə arasında baş verən gərginliklərin hər biri İranın uğursuz və yarıtmaz siyasətinin nəticəsi kimi ortaya çıxıb”.Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. O xatırladıb ki, Birinci Qarabağ müharibəsi dövründə də İranın sərgilədiyi siyasət tam riyakar xarakter daşıyırdı: “Azərbaycan torpaqlarının işğal olunmasına müxtəlif formalarda dəstək verilməsi, işğal dövründə separatçılar və qondarma qurumlarla əlaqələrin qurulması, bütövlükdə Azərbaycana qarşı yürüdülən siyasət bunu açıq şəkildə göstərirdi. Ermənilərə müxtəlif formalarda dəstək verilməsi, onlara nəfəs almaq imkanı yaradılması və silah təminatı kimi addımlar da həmin dövrün reallıqları idi. İkinci Qarabağ – Vətən müharibəsi zamanı da İran tərəfi əlindən gələn bütün mənfi addımları atmağa çalışdı. Lakin Azərbaycanın gücü və qətiyyəti qarşısında aciz qaldı və geri çəkilmək məcburiyyətində oldu. Post-müharibə dövründə də İran müxtəlif “qırmızı xətlər” müəyyənləşdirməyə çalışdı, bəzi proseslərə mane olmaq cəhdləri göstərdi. Açıq şəkildə deyə bilmədiklərini isə müxtəlif yollarla arxa planda səsləndirdilər. Bütün bunlar isə İranın Azərbaycanın inkişafından və güclənməsindən narahat olduğunu göstərirdi”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən xain terror hücumu da bu münasibətin növbəti təzahürü kimi yadda qaldı: “Hadisənin arxasında dövlət səviyyəsində himayənin olduğu barədə ciddi şübhələr yarandı. Ümumilikdə bu faktlar İranın Azərbaycana qarşı qısqanclıq və narahatlıqla yanaşdığını göstərir. Bununla belə, Azərbaycan hər zaman balanslı və ölçülü siyasət yürütməyə çalışıb. Rəsmi Bakı İranla münasibətlərdə qarşılıqlı etimada əsaslanan mövqe nümayiş etdirib, qonşuluq siyasətinə uyğun addımlar atıb. Hətta müharibədən sonra cənab Prezident Xudafərin körpüsü ilə bağlı açıqlamaları ilə İrana xoş mesaj göndərmişdi. Bütün bunlara baxmayaraq, İranın son olaraq Naxçıvan istiqamətinə dörd dron göndərməsi və onlardan birinin orta məktəbi hədəf alması olduqca ciddi və qəbuledilməz addımdır. Bu, açıq şəkildə riyakar və təhlükəli siyasətin göstəricisidir. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkə başçısı İrana başsağlığı verib, məktub göndərib və hətta bir çox ölkələrin etmədiyi jesti edərək İranın Bakıdakı səfirliyinə gələrək xatirə kitabına başsağlığı sözlərini yazıb. O, öz adından və Azərbaycan xalqı adından kədərləndiyini ifadə edib”. V.İskəndərov qeyd edib ki, belə bir fonun ardından baş verən bu hücum açıq şəkildə xainlik və arxadan vurmaq cəhdi kimi qiymətləndirilir. İran tərəfi bu məsələ ilə bağlı təcili addımlar atmalıdır: “İlk növbədə rəsmi şəkildə üzr istənilməlidir. İkincisi, bu hadisəyə görə məsuliyyət daşıyan şəxslər mütləq cəzalandırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Üçüncüsü isə İran tərəfi təminat verməlidir ki, gələcəkdə bu cür hadisələr təkrarlanmayacaq. Hər halda İran tərəfi Azərbaycanın gücünü yaxşı bilir. Vətən müharibəsinin nəticələri, Azərbaycanın qətiyyəti və dövlət başçısının ifadə etdiyi kimi “dəmir yumruq” siyasəti bunu aydın şəkildə göstərib. Bu gün həmin dəmir yumruq daha da bərkiyib və poladlaşıb. İran tərəfi bunu unutmamalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
117
metbuat.az

1Mənbələr