AZ

Şimal-Cənub dəhlizi ilə yükdaşımalar dayandı: Bərpa olunacaqmı?

Xəbər verdiyimiz kimi, Naxçıvan aeroportuna xain hücumdan sonra Azərbaycan Nazirlər Kabineti İranla avtomobil əlaqəsinin tamamilə dayandırılması barədə qərar qəbul edib.

Musavat.com xatırladır ki, qərara əsasən, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkəti) müvəqqəti olaraq tam dayandırılıb.

Bu, faktiki olaraq İranla Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin tam dayanması deməkdir. Çünki bu əlaqələr müvafiq infrastruktur hazır olmadığına görə yalnız avtomobil nəqliyyatı ilə icra edilirdi.

İsrail və ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatı davam etdirməsi fonunda artıq əksər ölkələr öz vətəndaşlarını, diplomatik heyətini İrandan çıxarır. ABŞ prezidenti Donald Tramp əməliyyatların dayandırılmayacağını bəyan edib. Bu isə yaxınmüddətli dövrdə vəziyyətin stabilləşməyəcəyi deməkdir.

Ən əsası isə İran tərəfi Naxçıvana xain hücuma görə heç bir üzrxahlıq etmir, əksinə, terror təşkilatı olan SEPAH-ın ayrı-ayrı rəhbərləri Azərbaycana hədələri davam etdirirlər.

Belə bir şəraitdə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin yenidən bərpası ehtimalı yüksək görünmür.

Qeyd edək ki, Azərbaycanla İran arasında ticarət son illərdə sürətlə artıb, yalnız 2025-ci ildə yenə də Tehranın ABŞ-İsrail cütlüyü ilə münaqişəsinə görə cüzi azalma qeydə alınıb, bu ilin yanvarında yenidən ciddi artıma keçib. Belə ki, Azərbaycanın gömrük statistikasına əsasən 2025-ci ildə İranla ticarət əməliyyatlarının həcmi 644,1 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon dollar və ya 0,5 faiz azdır. Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz çoxdur. İl ərzində İrandan Azərbaycana ixrac 624,1 milyon dollar olub, bu, 2024-cü illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalma deməkdir.

2025-cı ilin yanvarında isə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,1 milyon dollar təşkil edib. Azərbaycan Gömrük Komitəsinin statistikasına əsasən bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,1 faiz çoxdur. Hesabat dövründə İrandan Azərbaycana 56,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 959,8 min dollar təşkil edib. Yanvarda İrana ixracımız 50 faizə yaxın, idxalımız isə 800 min dollar artıb.

Bu ticarət bilavasitə avtomobillə həyata keçirilir. Nazirlər Kabinetinin qərarından sonra bu, dayandırılıb. Qərar həm də Azərbaycan üzərindən reallaşan Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə Rusiya-İran ticarətinin dayanması deməkdir. Dövlət Statistika Komitəsindən Musavat.com-a verilən məlumata görə, 2025-ci ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14 milyon 261,4 min ton, avtomobil nəqliyyatı ilə 11 milyon 46,1 min ton və dəniz nəqliyyatı ilə 7 milyon 229,7 min ton yük daşınıb.

Bu yüklərin 9 milyon 289 min tonu Şimal-Cənub, 16 milyon 909,8 min tonu Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınıb.

Komitənin məlumatına əsasan dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 faizini tranzit yüklər təşkil edib.

Şimal-Cənub dəhlizi ilə yükdaşımaların avtomobil nəqliyyatı ilə həyata keçirildiyini nəzərə alsaq, onun dayanması ilə İranla Rusiya arasında 4 milyon tona yaxın yükün daşınmasının dayandırıldığını söyləyə bilərik.

İrandakı münaqişə, eyni zamanda Azərbaycana qarşı xain hücum ümumilikdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafını böyük sual altına alıb. Həm İsrail, həm də ABŞ dəhlizin mühüm açar nöqtəsi - İranın Hind okeanındakı yeganə limanı olan Çabahara çoxsaylı zərbələr endirir. Bu günə liman faktiki olaraq fəaliyyətini dayandırıb, böyük dağıntılar olduğuna dair məlumatlar yayılır. Bu isə dəhlizin əsaslandığı Hindistan yüklərinin daşınmasını mümkünsüz hala gətirir.

Digər tərəfdən, hətta hazırkı İran rejimi münaqişədən salamat çıxsa belə, ölkəyə, iqtisadiyyatına dəyən zərər o qədər böyükdür ki, hər hansı layihələrin maliyyələşdirilməsi imkanı illər sonra yarana biləcək. Xüsusilə Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçən ən əlverişli qolunda mühüm əhəmiyyətə malik Rəşt-Astara dəmiryol xəttinin tikintisi illərlə arxaya atılmış vəziyyətdədir.

nA07SudDCkG0V9dtgz6oM7Pmizo3WbejWYVeAXs1_1200.jpg

Xatırladaq ki, Rusiyanın İrana ayırdığı dövlət krediti hesabına tikilməli olan Rəşt-Astara xətti ilə bağlı proseslər son 6 ayda sürətləndirilmişdi. Fevralın 23-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. İclasda Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub.

İran tərəfi dəmiryol xəttinin keçdiyi ərazilərdə torpaq alınması işlərini sürətləndirmişdi. 12 dekabr 2025-ci ildə Vladimir Putinlə görüşündə İran prezidenti Məsud Pezeşkian Rəşt-Astara magistral yolunun 100 km-dən çox hissəsinin tikinti üçün alındığını və prosesin 2026-cı ilin mart ayına qədər başa çatdırılmasını planlaşdırdığını elan edib.

Bütün prosesin bu il martın sonuna qədər yekunlaşdırılması, apreldən fiziki tikinti işlərinə başlanması gözlənilirdi. İran Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı üzrə direktoru Xuşanq Bəzvənd bildirmişdi ki, İran tərəfi Rusiyanın dəmir yolu hissəsinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflərinin təxminən 70 faizini qəbul edib. Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan Xatəm əl-Ənbiya tikinti şirkəti baş podratçı seçilib. Tikinti işlərini isə Rusiya Dəmir Yolları icra edəcəkdi.

Lakin göründüyü kimi, İsrail-ABŞ-İran münaqişəsi İrandakı bütün iqtisadi layihələr kimi, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsini də arxa plana keçirib. Layihələr üzrə hansısa addımların atılması bilavasitə münaqişənin müddəti və nəticələrindən asılıdır...

Dünya SAKİT,
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr