AZ

Rusiyada məktəblərdə 37-ci il üslubunda təbliğat filmi

Rusiyada məktəblər və ali təhsil müəssisələrində şagird və tələbələrə “xəyanət” mövzusunda çəkilmiş film məcburi şəkildə göstərilir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın müxtəlif bölgələrində məktəblər, kolleclər və universitetlər dövlət televiziya kanalı VQTRK-nin təbliğatçısı Andrey Medvedevin çəkdiyi “Predatelstvo” (“Xəyanət”) adlı filmin nümayişini təşkil edir və bu barədə sosial şəbəkələrdə hesabatlar paylaşırlar. Məlumata görə, ölkə üzrə bu cür nümayişlərlə bağlı yüzlərlə paylaşım aşkarlanıb.

Filmin premyerası fevralın 1-də “Rossiya-1” telekanalında yayımlanıb. İddialara görə, cəmi iki gün sonra Rusiya Təhsil Nazirliyi regionlardakı təhsil idarələrinə məktub göndərərək filmi müəllimlərə, şagirdlərə və valideynlərə tövsiyə etməyi xahiş edib. Sənəddə film “sosial əhəmiyyətli məhsul” kimi təqdim olunur və onun “profilaktik və didaktik funksiyaya malik olduğu” vurğulanır.

Tövsiyəyə əsasən, yeniyetmələr filmi böyüklərin iştirakı ilə izləməli, əvvəlcədən izahat verilməli, daha sonra isə “strukturlaşdırılmış müzakirə” aparılmalıdır. Filmin nümayişi bəzi məktəblərdə iki dərs saatı ərzində təşkil edilir.

Məlumata görə, bir sıra məktəblər şagirdlərə filmi 8-ci sinifdən etibarən göstərmək barədə göstəriş aldıqlarını təsdiqləyiblər. Təhsil müəssisələrinin rəhbərlikləri nümayiş zamanı foto çəkdirərək hesabat təqdim etməyi də tələb edib.

Filmin əsas hissəsi müxtəlif müsahibələrdən ibarətdir. Rejissor Andrey Medvedev burada Sankt-Peterburqda Z-təbliğatçısı Vladlen Tatarskinin qətli ilə bağlı 27 il həbs cəzası almış Darya Trepova və müharibə ilə əlaqəli digər cinayət işlərinin fiqurantları ilə danışıb.

Bəzi regionlarda film dərs saatlarını əvəz edib. Məsələn, Samara şəhərində nümayiş tarix və ingilis dili dərslərinin yerinə keçirilib ki, bu da valideynlərin narazılığına səbəb olub. Stavropol vilayətində isə kolleclərin birində tələbələrdən filmə baxarkən mobil telefonlarını təhvil vermələri tələb olunub.

Nümayiş kampaniyası yalnız təhsil müəssisələri ilə məhdudlaşmır. Məlumata görə, film müxtəlif teatrlar, sosial xidmət qurumları, polis bölmələri və hətta xəstəxanalar vasitəsilə də təbliğ edilir. Bəzi tədbirlərdə yerli məmurlar, təhlükəsizlik strukturlarının nümayəndələri və hakim “Vahid Rusiya” partiyasının üzvləri də iştirak edərək yeniyetmələr qarşısında çıxış ediblər.

Filmin müəllifi Andrey Medvedev 2000-ci illərin əvvəlindən VQTRK sistemində çalışır və hazırda radioyayım üzrə direktor müavinidir. 2025-ci ilin sonunda Rusiya prezidenti Vladimir Putin ona “Əməkdar jurnalist” fəxri adını verib. Medvedev bir sıra təbliğat xarakterli filmlərin müəllifi kimi tanınır və Avropa İttifaqı ilə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Tarixçilər qeyd edirlər ki, Sovet İttifaqında xüsusilə 1930-cu illərin sonlarında – məşhur “37-ci il repressiyaları” dövründə məktəblər və gənclər təşkilatları dövlət təbliğatının əsas alətlərindən birinə çevrilmişdi. O dövrdə şagirdlərə xüsusi ideoloji filmlər göstərilir, “düşmənlərin ifşası” mövzusunda müzakirələr təşkil olunur və gənclərdən dövlətə sədaqət nümayiş etdirmələri tələb edilirdi. Müşahidəçilərin fikrincə, bu gün Rusiyada məktəblərdə təbliğat xarakterli filmlərin geniş şəkildə yayılması həmin sovet təcrübəsini xatırladan elementlər daşıyır.

Musavat.com

 

Seçilən
107
musavat.com

1Mənbələr