AZ

Alimlər qocalıqla bağlı məşhur mifi təkzibETDİLƏR

Alimlər qocalıq dövrünün mütləq şəkildə sağlamlıq problemləri və fiziki zəifləmə ilə müşayiət olunduğu barədə yayılmış fikrin doğru olmadığını açıqlayıblar. Araşdırmaya görə, bir çox insan 65 yaşdan sonra əksinə daha sağlam və aktiv ola bilər.

Redaktor.az xəbər veirr ki, tədqiqatın nəticələri “Geriatrics” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində ABŞ-da aparılan ən böyük yaşlanma layihələrindən biri olan Health and Retirement Study proqramının məlumatları təhlil edilib. Tədqiqatda 11 mindən çox insan iştirak edib və onların vəziyyəti 12 ilə qədər izlənilib.

Alimlər iştirakçıların iki əsas göstəricisini qiymətləndiriblər: koqnitiv qabiliyyətləri və fiziki vəziyyəti. Koqnitiv funksiyalar yaddaş və düşünmə qabiliyyətini ölçən xüsusi testlərlə yoxlanılıb. Fiziki vəziyyət isə insanların yerimə sürətinə əsasən qiymətləndirilib. Mütəxəssislər bu göstəricini tez-tez “həyat siqnalı” adlandırırlar, çünki o, əlillik, xəstəxanaya yerləşdirmə və ölüm riskləri ilə birbaşa əlaqəlidir. Araşdırmanın nəticələrinə görə, iştirakçıların 45 faizində zaman keçdikcə ən azı bir göstərici üzrə yaxşılaşma müşahidə olunub. Təxminən 32 faizdə koqnitiv qabiliyyətlər yaxşılaşıb, 28 faizdə isə fiziki göstəricilər artıb.

Əgər koqnitiv qabiliyyətləri pisləşməyən insanlar da nəzərə alınarsa, iştirakçıların yarıdan çoxu qocalıq dövründə zehni funksiyaların mütləq zəifləməsi barədə yayılmış fikri faktiki olaraq təkzib edib. Tədqiqatçılar bildirirlər ki, belə dəyişikliklər çox vaxt statistik orta göstəricilərə baxıldıqda nəzərə çarpmır. Ayrı-ayrı insanların inkişaf trayektoriyası araşdırıldıqda isə məlum olur ki, bir çox yaşlı insan zaman keçdikcə həm fiziki, həm də zehni baxımdan daha yaxşı nəticələr göstərir.

Alimlər həmçinin müəyyən ediblər ki, insanların qocalığa münasibəti də mühüm rol oynayır. Qocalığa daha müsbət yanaşan şəxslərdə həm koqnitiv funksiyaların, həm də fiziki göstəricilərin yaxşılaşması daha çox müşahidə olunur. Bu təsir yaş, cins, təhsil səviyyəsi, xroniki xəstəliklər və depressiya kimi amillər nəzərə alındıqdan sonra da qalır. Mütəxəssislər bunu “stereotiplərin təcəssümü” nəzəriyyəsi ilə izah edirlər. Bu nəzəriyyəyə görə, insanın cəmiyyətdən, mediadan və ətraf mühitdən öyrəndiyi yaşlanma ilə bağlı təsəvvürlər zamanla onun davranışına və hətta fizioloji proseslərinə təsir göstərir.

Araşdırma müəlliflərinin fikrincə, nəticələr göstərir ki, yaşlı dövrdə də orqanizmin müəyyən “ehtiyat potensialı” mövcuddur. Qocalığa münasibəti dəyişmək mümkün olduğu üçün bu nəticələr yaşlı insanların sağlamlığını dəstəkləyən proqramların hazırlanması baxımından yeni imkanlar yarada bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
116
1
redaktor.az

2Mənbələr