AZ

Deputatdan soydaşlarımıza çağırış: Bu molla rejiminə “yox” deyin

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İranın molla rejiminin Naxçıvana qarşı dron hücumu təkcə hərbi təxribat deyil, həm də riyakarlığın və düşmənçilik siyasətinin növbəti açıq təzahürüdür. Bu hadisə bir daha göstərdi ki, illərdir “qonşuluq”, “müsəlman həmrəyliyi” və “dostluq” kimi sözlərin arxasında gizlənən Tehran rejimi əslində bölgədə gərginlik yaratmaqdan başqa heç nə ilə məşğul deyil”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu çürük düşüncənin və qaranlıq ideologiyanın daşıyıcıları yenə də ənənəvi ikiüzlü bəyanatlarını verəcəklər  ki, guya hadisə “təsadüfən baş verib”, “yanlışlıq olub”. “Lakin Azərbaycan cəmiyyəti bu nağılları çoxdan eşidib və yaxşı bilir. İran mollalarının “yanlışları” artıq sistemə çevrilib və hər dəfə Azərbaycan dövlətinə və xalqına qarşı yönəlir”, - o vurğulayıb.

Deputat əlavə edib ki, belə qonşuluq nə siyasi etikaya, nə İslam dəyərlərinə, nə də insanlıq prinsiplərinə sığır: “Özünü dinin müdafiəçisi kimi təqdim edən rejimin siyasəti əslində müsəlman xalqlar arasında nifaq salmaqdan, bölgədə sabitliyi pozmaqdan başqa bir məqsəd daşımır. Bu isə təkcə Azərbaycana yox, bütövlükdə regionun təhlükəsizliyinə açıq təhdiddir.

Tarix göstərir ki, xalqın iradəsinə zidd qurulan rejimlər gec-tez çökməyə məhkumdur. İranı bu gün uçuruma aparan da məhz həmin qapalı, qorxu və repressiya üzərində qurulan sistemdir. Ona görə də İranın bölgə üçün təhlükə mənbəyi olaraq qalmasına yol vermək olmaz. İranın gələcəyi mollaların qaranlıq ideologiyasında deyil, demokratik, hüquqi və sivil dövlət quruluşundadır. 

İranda yaşayan milyonlarla soydaşımızın da taleyi bu dəyişiklikdən keçir. Onlar bu molla rejiminə “yox” deməli, azadlıq, ədalət və inkişaf naminə öz sözlərini deməlidirlər. Gələcəkdə elmə, mədəniyyətə və insan hüquqlarına söykənən bir cəmiyyət qurmaq yalnız xalqın iradəsi ilə mümkündür”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan isə heç vaxt təhdidlər qarşısında geri çəkilməyib və çəkinməyəcək: “Dövlətimiz öz vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir və bunun üçün lazım olan bütün addımları atmağa hazırdır. Azərbaycanla düşmənçilik siyasəti yürüdənlər anlamalıdır ki, bu yol onları yalnız daha sürətli məhvə aparır.

Mollalar bir həqiqəti dərk etməlidirlər ki, rejimlər dəyişir, amma xalqlar qalır. İran xalqının böyük bir hissəsi isə bizim qan qardaşlarımızdır. Onların taleyi də, gələcəyi də sülh, azadlıq və ədalət içində yaşamaqdır.

Bölgənin sabitliyi üçün təhlükə mənbəyinə çevrilmiş bu siyasət sona çatmalıdır. Çünki regionun gələcəyi qaranlıq ideologiyalarda deyil, azad, sivil və əməkdaşlığa açıq dövlətlərdədir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
olke.az

2Mənbələr