AZ

AFFA komandalara texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi bir neçə kluba texniki məğlubiyyət verib.

Msport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Fevralın 26-da keçirilməli olan “Sabirabad” – “Olimpik Sabirabad” matçı meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Martın 1-nə təyin edilən “Mərcanlı” – “Murov Kəlbəcər” oyununa meydan sahibləri gəlmədiyi üçün eyni cəza ilə üzləşib.

Aşağı yaş qrupları üzrə liqalarda da qayda pozuntuları qeydə alınıb. U-15 Liqasında fevralın 28-də keçirilməli olan ROFM – “Xocalı” oyununda ev sahibi komanda təcili tibbi yardım və ya həkim briqadasını təmin etmədiyi üçün ROFM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında isə “Ərgünəş” (Sumqayıt) – “Sunami” (Sumqayıt) matçından sonra “Ərgünəş”in heyətində lisenziyası olmayan futbolçu aşkarlandığı üçün komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Futzal üzrə yarışlarla bağlı da analoji qərarlar çıxarılıb. Martın 5-də keçirilməli olan “Araz-Naxçıvan” – “Lənkəran” oyununa “Lənkəran” komandası, I Liqanın “Yeni Suraxanı” – “Xan Lənkəran” görüşünə isə “Yeni Suraxanı” komandası təyin olunan vaxtda meydana çıxmadıqları üçün hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Seçilən
13
1
msport.az

2Mənbələr