ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”ni məğlub edib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan (2:2, 3:3) görüşdə “bayquşlar” penaltilər seriyasında qalib gəlib.
“Sabah”ın futbolçusu Abdulla Xaybulayev matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– 120 dəqiqəlik “Qəbələ” oyununu necə şərh edərdin?
– Çətin oyun olacağını bilirdik. Matçın bitiminə 10 dəqiqə qalmışa kimi hesabda 2:0 öndə idik. Hər şey belə yekunlaşa bilərdi. Lakin ani diqqətsizlik qapımızda iki qol görməyimizlə nəticələndi. Ümumi baxsaq, oyunda üstün tərəf biz idik. Sadəcə, əldə etdiyimiz bəzi epizodları dəyərləndirə bilmədik və matç penaltilərə kimi uzandı. Ancaq əsas olan növbəti mərhələyə vəsiqə idi ki, bunun da öhdəsindən gəldik. İndi bu matçı unudub, qarşıdakı oyunlarımıza köklənməliyik.
– Oyunun sonlarında rəqib 10 nəfərlə hesabı bərabərləşdirdi. Arxayınlıq yaranmışdı, ya necə?
– Düzü, bunu izah etmək çətindir. Rəqibin mübariz kollektiv olduğunu bilirdik. Bunu həm kubokun ilk oyununda, həm də çempionat matçlarında görmüşdük. Rəqib təslim olmadı, sona kimi mübarizə apardı. Bunun üzərinə bizdən fərqli olaraq qol fürsətlərini lazımınca dəyərləndirmələrini də gəlməliyik. Bu futboldur, hərdən belə halların da şahidi oluruq. Ancaq əlbəttə, biz də komanda olaraq bundan dərs çıxarmalıyıq.
– Ardıcıl iki oyunda rəqiblər geridönüş edir. Komanda sanki artıq yorulub. Problemin nə olduğunu düşünürsən?
– Mövsümün sonu yaxınlaşdıqca hər komanda son dəqiqəyə kimi mübarizə aparır, heç kim təslim olmaq istəmir. Eyni qaydada biz də bu görüşlərdə geri dönüş edən tərəf ola bilərdik.
– “Qarabağ”la həm liqada çempionluq mübarizəsindəsiniz, həm də kubokda final üçün oynayacaqsınız… Bu haqda fikirlərin nədir?
– Məncə, azarkeşlərə “Qarabağ”la oyunlarımızı izləmək maraqlıdır. Yarımfinalda daha iki belə oyunu izləmək azarkeşlər üçün məncə, xoş olacaq. “Qarabağ” barədə xüsusi danışmağa ehtiyac yoxdur. Sadəcə, onu deyə bilərəm ki, belə güclü komanda ilə mübarizə şəxsən mənim üçün də xoşdur. İnanıram ki, “Qarabağ”la qarşıdakı oyunlarımızda da həm stadionda, həm də meydançada əsl futbol ab havasının şahidi olacağıq.
– Ayxan Abbasovun millidə ən çox bəyəndiyi adlardansan. Qarşıdan toplanış gəlir, lakin klubunda çox oynamırsan. Səncə, praktikanın azlığı millidə heyətə düşməyinə nə dərəcə təsir edə bilər?
– Milli komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Millimizin heyətini yığmamızın məşqçilər korpusu müəyyənləşdirir. Onların istənilən seçiminə hörmətlə yanaşıram. Çağırılsam, millimizin müsbət nəticə qazanması üçün əlimdən gələni edəcəm.
– Komandada əsas heyətdə möhkəmlənə bilməməyin rəqabətlə bağlıdır?
– “Sabah”da hər mövqedə çox güclü rəqabət var. Hər bir futbolçu əsas heyətdə yer almaq üçün əlindən gələni edir, mən də həmçinin. Məncə, bu cür rəqabətin olması həm komandanın, həm də futbolçuların xeyrinədir. Əsas olan nə qədər oynamaq yox, oynadığın zaman komandana maksimum kömək etməyindir. İnanıram ki, çıxış etdiyim oyunlarda komandama xeyir verə bilmişəm.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.