AZ

"Uduzduq, amma təslim olmadıq" - "Şahdağ Qusar"ın baş məşqçisi

1-ci Liqanın 17-ci turunda lider "Şəfa"nın qonağı olan "Şahdağ Qusar" 1:2 hesabı ilə uduzdu. Öncəki 4 matçda qalib gələn, yenilgiyə rəğmən, liderə qarşı da inamlı çıxışla yadda qalan Qusar təmsilçisinin baş məşqçisi Elnur Abdullayevlə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Liqanın ən maraqlı oyunlarından biri oldu. Meydanda sona qədər mübarizə getdi. Standart vəziyyətdən qapımızda qol gördük, ikinci top isə müdafiə xəttinin ani diqqətsizliyindən vuruldu. Sona yaxın hesab arasındakı fərqi azaltdıq. Ancaq yenilgidən qurtulmağa vaxt çatmadı. Məğlubiyyətə görə üzgünük. Buna baxmayaraq, təslim olmayacağıq. "Şahdağ Qusar"ın yuxarı pillələrdə olması üçün əlimizdən gələni edəcəyik. 

Fürsətdən istifadə edərək "Şahdağ Qusar" azarkeşlərinə təşəkkürlərimi çatdırıram. Dünənki oyuna rəng qatdılar. Uduzsaq da, bizi sonadək dəstəklədilər, hər zaman yanımızda olduqlarını bildirdilər. Bu bizim üçün çox böyük motivasiyadır. Onlara bir daha sonsuz təşəkkürlərimi bildirirəm.

Uduzduq, amma təslim olmadıq. Bu, çox önəmli məqamdır. Futbolda uduzmaq da var, heç-heçə də, qalibiyyət də... Artıq bu oyunu unudub qarşıdakı matçlara hazırlaşacağıq".

Toğrul
 

Seçilən
7
1
fanat.az

2Mənbələr