AZ

Çin Hörmüz boğazının açılması ilə bağlı İranla danışıqlar aparır

Çin neft və mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi üçün İranla danışıqlar aparır. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Çin əsasən neft və Qətərdən daşınan mayeləşdirilmiş təbii qaz yüklərinin boğazdan keçidi ilə bağlı Tehranın mövqeyini müzakirə edir.

Analitik platformalar olan Vortex və Kplerin məlumatına görə, hazırda Fars körfəzində təxminən 300 neft tankeri mövcuddur və bu gəmilər Hörmüz boğazı vasitəsilə Hind okeanına çıxış əldə edir. Ümumilikdə isə boğaz ətrafında təxminən 1000 kommersiya gəmisi cəmləşib. Bu gəmilərin təxminən yarısı neft və mayeləşdirilmiş təbii qaz daşınması üçün istifadə olunur.

Bu arada CNN telekanalının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) boğazı bağladığını elan etməsindən sonra bu marşrutdan cəmi iki tanker keçə bilib. Hesabatda bildirilir ki, İranda davam edən müharibə səbəbindən həyati əhəmiyyətli Hörmüz boğazında dəniz nəqliyyatı faktiki olaraq iflic vəziyyətinə düşüb. Halbuki normal şəraitdə bu boğazdan gündə orta hesabla 60 tanker keçir.

Qeyd olunur ki, boğazın fəaliyyətində yaranan məhdudiyyətlər dünya birjalarında neft və qaz qiymətlərinin kəskin artmasına səbəb olub.

Digər tərəfdən, İran rəsmiləri boğazın bağlanması ilə bağlı iddiaları təkzib ediblər. Kioumərs Heydəri – İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini – İran dövlət televiziyasına müsahibəsində bildirib ki, Hörmüz boğazı açıqdır və gəmilərin hərəkəti beynəlxalq protokollara uyğun şəkildə tənzimlənir.

SEPAH tərəfindən yayılan açıqlamada isə qeyd olunub ki, müharibə şəraitində Hörmüz boğazından keçid qaydaları beynəlxalq qanunlara əsasən İran İslam Respublikasının nəzarətində olacaq və bu qaydalara bütün tərəflər əməl etməlidir.

Seçilən
78
veteninfo.az

1Mənbələr