Türkiyədə hazırlanan yeni qanun layihəsinə əsasən, cinsi zorakılıq, qəsdən adam öldürmə, narkotik və fahişəlik kimi cinayətlərə görə məhkum olunmuş şəxslərin uşaqlarla birbaşa təmas tələb edən sahələrdə işləməsi qadağan ediləcək. Layihəyə görə, belə şəxslər məktəb, uşaq bağçası, uşaq klubları, idman məktəbləri, internet kafelər və uşaqların sıx olduğu digər müəssisələri nə işlədə, nə də orada çalışa biləcəklər. Qadağanı pozaraq bu şəxsləri işə götürən işəgötürənlərə isə ciddi maliyyə cərimələri tətbiq olunacaq (Sherg.az).
Vəkil Roman Qaraşov Musavat.com-a bildirib ki, Türkiyədə irəli sürülmüş son qanunvericilik təşəbbüsü uşaq təhlükəsizliyinin qorunması baxımından diqqətçəkən preventiv hüquqi modeldir:
“Hazırda komissiyada müzakirə mərhələsindədir. Təklifdə uşaqlarla bağlı mühitdə işləməyə məhdudiyyət nəzərdə tutulur: cinsi toxunulmazlıq əleyhinə cinayətlər, narkotiklə bağlı ağır cinayətlər, fahişəlik, insan alveri və qəsdən adam öldürmə kimi əməllərə görə qəti məhkumluğu olan şəxslərin məktəb, uşaq baxım müəssisəsi, uşaq klubu, internet kafe, idman məktəbi və uşaqların sıx olduğu digər obyektlərdə çalışması və ya həmin müəssisələri işlətməsi qadağan edilir. Rəsmi təqdimatda bu tədbir uşaqların fiziki, psixoloji və sosial təhlükəsizliyinin qorunmasına yönəlmiş qabaqlayıcı mexanizm kimi əsaslandırılır. Bu yanaşmanın Azərbaycan üçün də hüquqi baxımdan müzakirəyə açıq və tətbiq ediləbilən model olduğunu düşünürəm. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində ailənin dövlətin xüsusi himayəsində olduğu, habelə uşaqların hüquqlarının qorunmasının dövlətin əsas vəzifələrindən biri sayıldığı təsbit olunur. Eyni zamanda, “Təhsil haqqında” Qanun və təhsil sahəsində tətbiq olunan normativ qaydalar təhsil mühitində təhlükəsiz və sağlam şəraitin yaradılmasını hüquqi tələb kimi müəyyən edir. Bu isə o deməkdir ki, dövlət uşaqla birbaşa təmas yaradan peşə və fəaliyyət sahələrinə əlavə etibarlılıq meyarları tətbiq edə bilər və belə bir yanaşma hüquqi sistem üçün yad hesab olunmamalıdır. Başqa sözlə, söhbət yeni bir fəlsəfə yaratmaqdan çox, mövcud konstitusion və sahəvi prinsiplərin daha dəqiq və məqsədyönlü mexanizmə çevrilməsindən gedir”.

R.Qaraşov qeyd edib ki, Azərbaycanda bu təcrübə tətbiq edilərsə, o, yalnız qadağa normasından ibarət olmamalı, aydın, mərhələli və icraolunan mexanizmlərlə müşayiət edilməlidir:
“İlk olaraq, uşaqlarla birbaşa və davamlı təmas yaradan bütün sahələr üzrə-məktəblər, bağçalar, inkişaf mərkəzləri, idman və incəsənət kursları, məktəb servisləri, yataqxanalar, uşaq əyləncə məkanları və oxşar obyektlər üzrə-məcburi uyğunluq yoxlaması sistemi qurulmalıdır. İkincisi, qadağa yalnız muzdlu işçilərə deyil, həm də təsisçilərə, faktiki idarəçilərə, fərdi sahibkarlara və podratçı qismində xidmət göstərən şəxslərə şamil edilməlidir; əks halda normadan formal olaraq yan keçilə bilər. Üçüncüsü isə məsuliyyət yalnız fərdi deyil, institusional səviyyədə də müəyyən edilməlidir: belə şəxsləri işə götürən və ya gizlədən subyektlər üçün yüksək inzibati cərimələr, təkrar pozuntu halında fəaliyyətin məhdudlaşdırılması, lisenziyanın dayandırılması və zərurət olduqda ləğvi kimi tədbirlər nəzərdə tutula bilər. Hüquqi dövlət baxımından bu yanaşmanın məntiqi ondan ibarətdir ki, məqsəd şəxsi ömürlük cəzalandırmaq deyil, uşaqlar üçün yüksək risk yaradan şəxslərin məhz uşaqlarla təmas tələb edən sahələrdən kənarda saxlanılmasıdır; bu isə uşağın üstün mənafeyi prinsipinə uyğun, proporsional və cəmiyyət üçün əsaslandırılmış müdaxilə modelidir. Türkiyə təklifinin də ümumi istiqaməti məhz bu preventiv və institusional məsuliyyət məntiqi üzərində qurulub”.
Nigar Həsənli
Musavat.com