AZ

Milli geyimlərimizi niyə gündəlik olaraq geyinmirik? – Modelyer ilginc səbəbləri AÇIQLADI

Bir çox qonşu ölkələrdə milli geyimlər yalnız bayram və mərasimlərin atributu deyil, gündəlik həyatın da ayrılmaz hissəsinə çevrilib. Qazaxıstan, Özbəkistan, İran və ərəb ölkələrində qadınların başlarında naxışlı araqçınlar, milli elementlərlə zəngin paltarlar görmək adi haldır. Hətta müğənnilərin kliplərində belə milli geyimlər ön plana çıxarılır.

Bəs Azərbaycanda milli geyimlərin yalnız tarixi və mərasim üçün deyil, gündəlik istifadə olunan geyimə çevrilməsi mümkündürmü? Bu ənənənin formalaşması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən modelyer-dizayner Gülnaz Usubova bildirib:

“Milli geyimlərimizin hal-hazırda müasir paltarlardan fərqi odur ki, çox ağırdır. Onun istifadəsi çox da əlverişli deyil”.

Gülnaz Usubovanın sözlərinə görə, ərəb və iranlıların geyimləri yüngül kətan dediyimiz materiallardandır. Bizim milli geyimlərimiz isə işləmələrlə, ağır kəmərlərlə zəngindir. Gündəlik istifadəyə uyğun deyil. Əslində, müasir formaya gətirməklə istifadə etmək olar. Bunun üçün bizim milli geyimlərimizin üzərində olan ornamentləri, naxışları, bəzəkləri müasir geyimlərə inteqrə etmək mümkündür. Və biz bununla öz milli geyimlərimizi dünyada tanıda bilərik.

Bu yöndə təklif irəli sürən modelyer-dizayner deyib:

“Bunun üçün insanlardan əlavə, milli geyimlərimizin üzərində olan ornamentləri, hansısa kəsimləri, butanı və digər naxışlarımızı birinci mediada, daha sonra müğənnilər öz kliplərində təbliğ etməlidir. Bu geyimlərdən göz önündə olan insanlar paylaşmalıdır ki, insanlar da rahat şəkildə belə geyimləri alsınlar. Bu sahədə başlıca iş medianın və dizaynerlərin üzərinə düşür”.

“Qeyd edim ki, 3 il öncə bizim türk xalqlarına həsr edilmiş “Türk qapısı” adlı milli geyim kolleksiyamız təqdim edildi. Bu kolleksiyanın eskizini mənim qızım Nigar Usubova hazırlamışdı. Həmin kolleksiya müasir geyimlərə inteqrə edilmişdi”, – deyən G. Usubova sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
93
1
konkret.az

2Mənbələr