AZ

Reuters: Çin Hörmüz boğazı ilə bağlı İranla danışıqlar aparır...

Pekin Qətərdən neft və mayeləşdirilmiş qaz daşıyan gəmilərin təhlükəsiz keçidi üçün Tehrana təzyiq göstərir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin üç diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Çin İran ilə Qətərdən neft və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması barədə danışıqlar aparır.

Mənbələrin sözlərinə görə, Çin Yaxın Şərqdən enerji tədarükündən ciddi şəkildə asılıdır və regionda baş verən hadisələr Pekində narahatlıq yaradır. Bildirilir ki, İranın boğazdan keçən gəmiçiliyin fəaliyyətini faktiki olaraq iflic etməsi Çin rəhbərliyində ciddi narazılıq doğurub.

Diplomatik mənbələr qeyd edirlər ki, Pekin Tehranla dost münasibətlərə malik olsa da, enerji təhlükəsizliyi məsələsində daha aktiv mövqe tutmağa başlayıb. Bu çərçivədə Çin tərəfi İrandan Hörmüz boğazı vasitəsilə hərəkət edən neft və qaz tankerlərinin təhlükəsizliyinə təminat verməsini tələb edir.

Ekspertlərin fikrincə, Çin üçün xüsusilə Qətərdan gələn mayeləşdirilmiş təbii qaz və regionun digər ölkələrindən tədarük olunan neft axınlarının davamlılığı strateji əhəmiyyət daşıyır. Çünki Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur.

Analitiklər hesab edirlər ki, Pekinin Tehrana göstərdiyi diplomatik təzyiq Yaxın Şərqdə enerji marşrutlarının sabitliyinin qorunmasına yönəlib. Bu danışıqların nəticəsi isə regionda gərginliyin enerji bazarlarına təsirinin hansı səviyyədə olacağını müəyyən edə bilər.

Poliqon.info

Seçilən
86
poliqon.info

1Mənbələr